Azərbaycan kubokunda mübarizəni dayandıran "Keşlə" heyətində "təmizləmə işləri"ni davam etdirir. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisində daha bir futbolçunun yola salınacağı dəqiqləşib.
Diallo Quidileye, Ebrima Sohna və Herve Tçami ilə vidalaşmaq qərarına gələn bakılıların yollarını ayıracağı ilk yerli futbolçu Vaqif Cavadovdu. 6 aylıq məcburi istirahətdən sonra bu ilin yanvarında "Keşlə"yə qoşulan Cavadov ötən mövsüm Yuri Maksimovun başçılığı altında əsas heyətdə heç cür özünə yer edə bilməmişdi. Cari mövsümdə isə nə Mladen Milinkoviç, nə də hazırkı çalışdırıcı Tərlan Əhmədovun "gözünə girməyi" bacaran millimizin sabiq üzvü bir növ lazımsız futbolçuya çevrilib.
Bu səbəbdən baş məşqçi onun xidmətində maraqlı deyil. 29 yaşlı hücumameylli oyunçunun müqavilə müddəti mövsümün sonuna qədər olsa da, rəhbərlik onunla qış fasiləsində yollarını ayırmaq qərarına gəlib.
Qeyd edək ki, tez-tez komanda dəyişməsi ilə diqqət çəkən Vaqif Cavadov "Keşlə"yə gəlməzdən əvvəl son olaraq 6 ay AZAL-ın formasını geyinib.