Qış fasiləsinə lider yollanan EKOL komandasının oynayan məşqçisi Radik Əhmədov azfutzal.az-a müsahibə verib. Matç.az xəbər verir ki, çalışdırıcı mövsümün ilk yarısı barədə fikirlərini açıqlayıb.

- İlə "Araz" üzərində qələbə ilə yekun vurdunuz. Fasiləyə "qış çempionu" kimi yollanmağınızı gözləyirdinizmi?

- "Araz" çempionatda əsas rəqiblərimizdən biridir və komanda ilə oyuna 3 xal qazanmaq üçün çıxmışdıq. Oyundan əvvəl cəmi 1 xal fərqimiz var idi. "Araz" bu üstünlük sayəsində zirvədə yer almışdı. Biz də bu matçda qələbə qazanmağı və qış fasiləsinə zirvədə yollanmağı düşünürdük. çünki qələbə qazanacağımız təqdirdə "Araz"ı 2 xal qabaqlayacaqdıq. Oyun ərzində epizodlardan düzgün istifadə etdik və arzuladığımız nəticəni qazandıq. Bu nəticədə hər birimizin zəhməti böyükdür.

- Turnir cədvəlindəki göstərici oyuna motivasiya olmağınıza təsirsiz ötüşməyib...

- Əlbəttə, təsiri böyük oldu. Cəmi 1 xal fərqimiz vardı. Əgər qələbəyə 3 xal verilirsə, niyə bundan istifadə etməyək? Oynadıq, mübarizə apardıq və qələbəmizi qazandıq.

- Yeri gəlmişkən, cari mövsümün hər iki dövrəsində "Araz"a yenilməyən yeganə komanda EKOL-dur. Deyəsən, rəqibinizin legionerlərdən imtinası işinizə yarıyıb?

- Düzdü, "Araz" sırf legionerlərdən ibarət və ya onlardan asılı komanda deyil. Komandanın heyətdə millinin üzvləri çıxış edirlər. Əvvəlki illərlə müqayisədə braziliyalıların yoxluğu hiss olunur. çünki onlar oynayan vaxt "Araz" fasiləyə minimum 6-9 xallıq fərqlə yollanırdı. Hazırkı çempionatda isə vəziyyət fərqlidi. Əslində bizi öz çıxışımız daha çox maraqlandırmalıdı.

- Arxada qalan 2 dövrəni necə qiymətləndirirsiniz?

- Ağır oyunlarımız, meydanı xalsız tərk etdiyimiz görüşümüz oldu. çalışdıq ki, itkilərimiz minimum olsun. Buna nail olduğumuza görə fasiləyə zirvədə yollandıq.

- İşin yarısını gördünüz. Finişə qədər mövqeyinizi qoruya biləcəksinizmi?

- çətin olacaq, ancaq hazırkı mövqeyimizi qorumağa və işimizin öhdəsindən gəlməyə çalışacağıq.

- Dövrələrarası fasilə ilə bağlı planlarınız necədi?

- Hazırda oyunçuları istirahətə buraxmışıq. Yanvarın əvvəlində məşqlərimizi bərpa edəcəyik. Gənclik Olimpiya kompleksində məşq keçəcəyik. Yanvarın 10-da isə rəhbərliklə danışıb, bölgələrin birində təlim-məşq toplanışında olacağıq.

- Heyətlə bağlı nə kimi dəyişikliklər gözlənilir?

- Hazırkı heyətimizi qoruyacağıq. Yeni oyunçular dəvət edəcəyimiz də istisna deyil. çünki qarşıda çətin oyunlarımız var, üstəlik, rəqiblərimizin də hansı heyətlə mübarizə aparacağını bilmirik. Ən əsası özümüz oyunlara tam hazır olmalıyıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest