13 Yanvar 2021, 20:45
DÖYÜŞ NÖVLƏRİ
Qətərin paytaxtı Doha şəhərində keçirilən cüdo üzrə nüfuzlu "World Masters" turniri başa çatıb.
Matc.az xəbər verir ki, yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı Azərbaycan idmançıları da mübarizə aparıblar.
Milli komandamız beynəlxalq yarışda iki medal qazanmağa müvəffəq olub. Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerska (+78 kq) yalnız finalda uduzaraq "World Masters"də gümüş medal qazanıblar.
Xatırladaq ki, Dohada mübarizə aparan cüdoçularımızdan Nicat Şıxəlizadə, Orxan Səfərov, Elmar Qasımov, Aişə Qurbanlı və Leyla Əliyeva yarışı medalsız başa vurublar.
Qeyd edək ki, dünya cüdo turu seriyasından olan "World Masters" nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparıb.