Karles Puyol məşqçilik karyerasına start verməyə hazırlaşır. Matç.az xəbər verir ki, məşhur ispaniyalı keçmiş müdafiəçi çalışdırıcı kimi ilk təyinatını ABŞ-da ala bilər.
Bu barədə MLSsoccer.com xəbər yayıb. Bildirilib ki, peşəkar karyerasını tamamilə "Barselona"ya həsr etmiş Puyol 2014-cü ildə futbolçu karyerasını bitirdikdən sonra okeanın o tayına köçərək həm ingilis dili, həm də məşqçilik kurslarına qatılmışdı. Onun ilk klubu "Atlanta Yunayted" ola bilər.
Amma Puyol bu post üçün tək namizəd deyil. Onun "Barselona"dakı keçmiş komanda yoldaşı, 2017-ci ildə "Kristal Pelas"dan ayrılan hollandiyalı Frank de Bur da bu vəzifəyə iddialılardan biridir.
"Atalanta Yunayted"in hazırkı çalışdırıcısı Xerardo Martino isə oktyabrda elan etmişdi ki, klubla müqavilə müddətini uzatmayacaq.