Topaz Premyer Liqasının ilk yarısını 12 xalla 7-ci pillədə başa vuran "Keşlə" heyətdə radikal dəyişikliklərə gedib. Matç.az saytının məlumatına görə, fasilə elan olunar-olunmaz artıq 4 oyunçu ilə yolları rəsmən ayrılıb.

Daha bir neçə futbolçunun klubu tərk edəcəyi gözlənilir ki, onlardan ikisi bəllidir. Belə ki, əvvəl də xəbər verdiyimiz kimi Vaqif Cavadov və Məmməd Quliyev paytaxt təmsilçisi ilə bağlarını qoparacaqlar.

Bu barədə saytımıza açıqlama verən "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov hər iki futbolçuya getməyi məsləhət gördüyünü bildirib: "Onlara dedim ki, burda ehtiyatda oturmaqdansa, özünüzə oynayacaq komanda tapın. Mən sizi heyətdə görmürəm. Ehtiyat oyunçuların arasında oynamayacaq futbolçunun olması mənim də işimi çətinləşdirir. Hamı "skamya"sının geniş olmağını arzulayır".

Qeyd edək ki, 6 aylıq məcburi istirahətdən sonra bu ilin yanvarında "Keşlə"yə qoşulan Cavadov ötən mövsüm Yuri Maksimovun başçılığı altında əsas heyətdə heç cür özünə yer edə bilməmişdi. Cari mövsümdə isə nə Mladen Milinkoviç, nə də hazırkı çalışdırıcı Tərlan Əhmədovun "gözünə girməyi" bacaran millimizin sabiq üzvü bir növ lazımsız futbolçuya çevrilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest