İtaliya çempionatının bu gün keçiriləcək XVIII turu qeyri-adi hadisə ilə diqqət çəkir. Matç.az xəbər verir ki, Kriştianu Ronaldo "Yuventus"un "Atalanta" ilə görüşünə ehtiyat oyunçular skamyasında başlayacaq.
Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri bunu öncədən açıqlayıb. Portuqaliyalı ulduzun "11-lik"dən kənar qalması isə nadir təsadüf olunan hadisədi.
Onun sonuncu dəfə matça ehtiyatdan başlaması 2017-ci il avqustun 17-də yaşanıb. "Barselona" ilə İspaniya Superkubokunun matçına ehtiyatdan başlayan Ronaldo 58-ci dəqiqədə meydana daxil olub. "Real"ın həlledici qoluna imza atan hücumçu az sonra qırmızı vərəqə ilə meydandan qovulub.
çempionat oyununda isə Ronaldosuz start fiti çoxdan verilmirdi. Sonuncu belə hadisə 2013-cü il mayın 11-də qeydə alınıb. "Real"ın "Espanyol"la görüşündə ulduz yalnız 56-cı dəqiqədə meydana daxil olub. 5 il 7 ay, yəni 67 ay yaşanan bu hadisədən sonra Ronaldo ya start heyətdə yer alıb, ya da müxtəlif səbəblərdən ümumiyyətlə adı protokola daxil edilməyib.