Antalyada təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. Matc.az xəbər verir ki, yarışların ikinci günü Azərbaycan millisinin üç üzvü - Günel Həsənli, Murad Fətiyev və Zelim Tskayev mükafatlar uğrunda qüvvəsini sınayıb.
Qadınlar
70 kq
Yarışa 1/16 finaldan başlayan Günel Həsənli ilk cəhdində Mariya Bernabeuya (İspaniya) uduzaraq, mübarizəni dayandırıb.
Kişilər
81 kq
1/8 final. Murad Fətiyev startda Damian Stepiyeni (Polşa) ippon fəndinə salaraq, 1/4 finala yüksəlib. O, növbəti sınağında ispaniyalı rəqibini məğlub edib. Yarımfinala vəsiqə uğrunda həmyerlimizi türkiyəli Vedat Albayraq dayandırıb. Bununla belə, Fətiyev medal qazanmaq şansını saxlayır. O, təsəlliverici mərhələdə öncə Rusiya təmsilçisi David Karapetyanla görüşməli idi. Ancaq erməni əsilli idmançı tatamiyə çıxmaqdan imtina edib. Bürünc medal uğrunda isə Murad italiyalı Antonio Espozito ilə dueldən qalib ayrılaraq, fəxri kürsüyə yüksəlib.
1/16 final. Zelim Tskayev öncə Fetra Ratsimiziva (Madaqaskar), ardından Adnan Kılıc (Türkiyə) üzərində qələbə qazansa da, Misir idmançısı Mohammed Abdelaala uduzub.
Qeyd edək ki, turnirin ilk günü mübarizə aparmış 7 idmançımızdan yalnız Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb. "Böyük Dəbilqə"yə sabah yekun vurulacaq.