Yunan-Roma və sərbəst güləş üzrə gənclərdən ibarət millilərimiz qarşıdakı məsul yarışlara hazırlaşır. Matc.az xəbər verir ki, hər iki komandamız ötən həftədən Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Azərbaycan Güləş Federasiyasının təşkilati dəstəyilə Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. İyulun sonunadək davam edəcək TMT-də əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə ayrılıb. Ancaq paralel olaraq taktiki-texniki çalışmalar da həyata keçirilir.
 
Güləşin klassik növüylə məşğul olanlar böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin, sərbəst güləşçilər isə böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında intensiv şəkildə məşqləri davam etdirir.
 
Qeyd edək ki, gənc güləşçilərimizi Rusiyada keçiriləcək iki məsul yarış gözləyir. Belə ki, pəhləvanlarımız əvvəlcə avqustun 16-dan 22-dək Ufada təşkil olunacaq dünya çempionatında uğur qazanmağa çalışacaq. Yığmalarımız daha sonra sentyabrın 4-dən 11-dək Kazanda baş tutacaq ilk MDB oyunlarında qüvvələrini sınayacaqlar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest