"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Sabah"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, klubun rəsmi televiziyasına açıqlamasında bunları söyləyib:
 
"Hazırlıq plan üzrə gedir. Qarşıdakı oyuna hazırlaşırıq, hər şey yaxşıdır. Harramiz Suaresdən başqa hamı yerindədir, digərlərinin zədəsi yoxdur.
 
Maraqlı oyun olacaq. "Sabah"a qarşı bundan əvvəlki qarşılaşmalar da maraqlı alınıb. Rəqibimizin hələ qələbəsi yoxdur, 3 xal üçün əllərindən gələni edəcəklər. Həm də bütün komandalar "Neftçi"yə qarşı daha stimullu olur. Biz də buna hazırıq. Əsas odur ki, heyətimiz tamdır və futbolçularda hər şey qaydasındadır. Ən yaxşı şəkildə hazır olanlar "Sabah"la matçda meydana çıxacaq.
 
"Sabah" qələbə qazanmadığı üçün çox çalışacaq. Biz buna hazırıq. Rəqibdə hansı problemlərin baş verməsinin bizə aidiyyatı yoxdur. Qələbə üçün meydana çıxacağıq. Gərginlik olacağını gözləyirik. Meydandan kənardakı gərginliklərin içində olmaq istəmirik. ötən mövsüm başımıza gəlmişdi. Təmiz və ədalətli oyunla qalib gəlmək niyyətindəyik.
 
Matçın start heyətini müəyyənləşdirmişəm. Oyunadək çox şey baş verə bilər. 6+5 limitinə əsasən heyəti qururuq. Kimsə sıradan çıxsa, sistemi də dəyişə bilərik. Amma beynimizdə start heyəti qurmuşuq. Əsas odur ki, bu matça tam hazırıq.
 
Sezar Meza Kolli də komanda ilə məşq edir, özü də həddindən artıq həvəslidir. Harramiz Suaresin isə iki gündən sonra, bəlkə də sabah bizə qoşulacağı gözlənilir.
 
Bəzən oyunun hesabı futbolçulara şans verməyimizə kömək edir. Futbolçuları çox yükləmək yox, oyunlarda forma yığmalarını istəyirik. Yeni transferlər 90 dəqiqə meydanda olmağa hazır deyillər. Məşqdən çox görüşlər formaya düşməyə kömək edir. Hamısı peşəkar futbolçulardır, özləri də məşqlərdə və qarşılaşmalarda çox çalışırlar. Bu da xoş haldır. Tezliklə formaya düşəcəklərinə inanıram".
 
Sentyabrın 26-da keçiriləcək "Sabah" - "Neftçi" oyununa saat 17:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest