"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"öncə Zəfər günü münasibətilə hamını təbrik edirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Bizi ağır oyun gözlədiyini bilirdik. "Səbail" öz meydanında məzmunlu futbol nümayiş etdirən, əzmkar komandadır. Həftə ərzində futbolçuları bu ağır oyuna yaxşı hazırlaya bildik. Onlar da bu gün xarakter nümayiş etdirdilər və layiqli qələbə qazandılar.
 
Mən meydan amilini xüsusi vurğulamaq istərdim. ötən mövsüm bu meydançada oyun keçirərkən 2-3 futbolçumuzla bağlı sıxıntı ilə üzləşmişdik. Baxıram ki, getdikcə meydançanın durumu daha da bərbad hala düşür. Belə meydançada futbol oynamaq çox risklidir. Fikrimcə, "Səbail"in futbolçuları belə arenada oynadıqlarına görə qəhrəmandırlar. çünki onlar bu meydançada həm məşq edirlər, həm oynayırlar. Ayrı-ayrılıqda hər birinin qəhrəmanlıq nümayiş etdirdiyini düşünürəm. Yaxşı olardı ki, bir az futbolçuları da düşünək. Kənardan hər şey yaxşı görünə bilər. Amma əziyyət çəkən futbolçulardır.
 
Emil Səfərov artıq bir ilə yaxındır bizimlədir. Amma cavan oyunçuların əsas heyətdə oynaması üçün onların bunu haqq etməsi lazımdır. O, yaydan bəri bizə yaxşı siqnallar verir. Hesab edirəm ki, Emilin timsalında yaxın gələcəkdə Azərbaycan futboluna yaxşı bir oyunçu bəxş edə bilərik.
 
Oyunun gedişində hakimlərin qərarları ilə bağlı müəyyən narazılıqlar ola bilər. Bu da matçın gərginliyindən irəli gəlir. Amma bütövlükdə hakimlər oyunu normal idarə etdilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest