Farer adalarını səfərdə böyük hesabla məğlub edən Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qalibiyyətini qazandı. Ancaq matçın əvvəlləri heç də 3:0 hesabından xəbər vermirdi.

Torshavndakı görüşə uğursuz start götürən Qurban Qurbanovun yetirmələri ilk 10 dəqiqədə meydançadakı yerini tapa bilmirdilər. Futbolçularımızın başı rəqibin hücumlarını güc-bəla ilə dəf etməyə qarışmışdı. Komanda, bəlkə də, hava şəraitinə, elə də yaxşı olmayan süni örtüyə uyğunlaşmaqda çətinlik çəkirdi. Müdafiə ilə yarımmüdafiə arasında əlaqə tamam qopmuş vəziyyətdə idi. Müdafiəçilər geridə köməksiz qaldıqlarından, rəqib hücumları qarşısında çətin anlar yaşayırdılar.

10 dəqiqəlik zəif çıxış yerini daha intizamlı oyuna verdi. Artıq komanda topa nəzarət edir, orta sahədə paslaşaraq ev sahiblərinin müdafiəsində boşluqlar axtarırdı. Mərkəz müdafiəçilərimiz uzun ötürmələrə üstünlük verdiklərindən, belə anlarda hücumlarımız başlamadan "boğulurdu". Almeyda-Qarayev cütlüyü məcburiyyətdən topu çox geridən qəbul edib, hücum qurmağa çalışırdılar. Belədə isə irəlidəki "4-lük" bir varlıq ortaya qoya bilmirdi. çünki Mahir Mədətov və Araz Abdullayevin yer aldığı cinahlar effektsiz idi. Belə olunca Dmitri Nazarov və Rüfət Dadaşov öndə tək qalırdılar, komanda hücumda çoxala bilmirdi. Xoşbəxtlikdən farerli qapıçı və müdafiəçinin səhvi millimizin vaxtında hesabı açmasına kömək oldu. Bu qol isə hər iki tərəf üçün həlledici oldu.

İkinci hissədə futbolçularımız topa tam nəzarət etməsə də, oyun nəzarəti əllərində idi. Yığmamız topu daha çox rəqibə verib, əks-hücumlardan nəsə etmək niyyətində idi. İkinci qoldan sonra isə Farer adalarının oyun intizamı tamam pozuldu. Bu da millimizə rahat nəfəs aldırdı. Ancaq yenə də əks-hücumlar zamanı daha keyfiyyətli oynamaq olardı.

Kamran Ağayev – Kapitan qol buraxmasa da, rəqibi sevindirmək üçün əlindən gələni etdi. Görüş ərzində düz 3 dəfə farerlilərə əla şərait yaratdı. Əvvəlcə 31-ci dəqiqədə künc zərbəsi zamanı çıxışda kobud səhvə yol verdi. Topu tordan çıxarmadığı üçün xətt üzərindən qola mane olan Qara Qarayevə minnətdar olmalıdı. Cəmi 4 dəqiqə sonra Ağayev bu dəfə sol cinahdan ötürməyə gecikdi. Zərbə zamanı isə bəxtdən top onun kürəyinə dəyərək səmtini dəyişdi. Fasilədən dərhal sonra qolkiper heç nədən meydan sahiblərinə hədiyyə etdi. Müdafiəçidən ötürmə alarkən topu uzaqlaşdırmağa gecikdi və ayağı sürüşdü. Qola mane olmaq üçün də topa əllə müdaxilə etməli oldu. Xoşbəxtlikdən sərbəst zərbə qolla nəticələnmədi. Qara isə daha bir epizodda Kamranın işini görərək, quru hesablı qələbəyə ondan çox töhfə verdi.

Bədavi Hüseynov – Onun da yüksək səviyyədə çıxış etmədiyini demək olar. Bir neçə epizodda dəf edilməli olan hücumun qarşısında aciz qaldı.

Rahil Məmmədov – Matçı sürpriz şəkildə start heyətində yer alan Rahilin aktivinə yazmaq olar. Təcrübəsizliyi və həyəcanı hiss olunurdu. Buna baxmayaraq, müdafiədə etibarlı çıxışla diqqət çəkdi. Rəqibin həm yerlə, həm də hava ilə ötürmələri zamanı cərimə meydanı daxilində düzgün yer seçməsi komandamızın köməyinə çatdı. Ən zəif cəhəti oyun quruculuğunun çox aşağı olmasıdı. Bu səbəbdən uzun ötürmələrə üstünlük verirdi ki, belədə də hücumlarımız başlamadan bitirdi.

Pavel Paşayev – Oyunun ən yaxşılarından biri idi. Həm müdafiədə etibarlı idi, həm də hücumda önündəki Araz Abdullayevə lazımi dəstəyi verirdi. Əksər hallarda farerli oyunçuların ayağından topu "oğurlayırdı". Bir sözlə, təkbətək mübarizələrdə keçilməz idi.

Maksim Medvedev – Paşayevdən fərqli, Medvedev uğurlu çıxış etmədi. Bəzi anlarda buraxdığı kiçik səhvlər ev sahiblərinin təhlükəli hücumları ilə nəticələnirdi. Rəqib bir qədər gülcü olsaydı, bəlkə də, bu səhvlər qollara səbəb olacaqdı.

Qara Qarayev – Farer adaları daha çox cinah keçidləri və standart vəziyyətlərə bel bağladığından, bəstəboy Qaraya çox iş düşmürdü. Geridən oyun qurmaqda Riçard Almeydaya kömək də edirdi. İki epizodda isə topu xətt üzərindən qaytarmaqla matçın qəhrəmanlarından birinə çevrildi. Bir sözlə Kamrandan çox "seyv elədi".

Riçard Almeyda – öz işini məharətlə gördü. İlk qolda hücumu başlatdı və özü də məntiqi sonluğa çatdırdı. Oyun quruculuğu ilə yanaşı, əksər hallarda dayaq yarımmüdafiəçisi kimi də oynadı, rəqibin bir neçə həmləsinin qarşısını aldı.

Dmitri Nazarov – Orta sahədə hərəkətli olsa da, ciddi nəsə edə bilmirdi. Bu da meydanın rəqibə aid olan hissəsində Dadaşovla tək qalmalarından, cinahlardan lazımi dəstəyi almamalarından qaynaqlanırdı. Ən yaxşı oyununlarından birini keçirməsə də, gözəl qola imza atmağı bacardı.

Mahir Mədətov – Görüşü aşağı səviyyədə keçirdi. Müdafiəyə köməyinə söz yox, amma hücuma dəstək baxımından üzərinə düşəni edə bilmədi.

Araz Abdullayev – Mahirlə müqayisədə bir az fəal olmasına baxmayaraq, o da effektli oynamırdı. Keçidləri uğursuz alınır, ötürmələri qeyri-dəqiq olurdu. Tək-tük təhlükəli ötürmələrindən biri 28-ci dəqiqədə qolla nəticələndi. Məhz onun sol cinahdan yerlə ötürməsi hesabın açılmasına səbəb oldu. Əslində burda qapıçının səhvi və rəqib müdafiəçisinin ideal "assisti" də Almeydanın fərqlənməsində mühüm rol oynadı.

Rüfət Dadaşov – Onun sayəsində hücumdakı problem həllini tapdı. Hava mübarizələri zamanı ucaboy farerliləri üstələməyi bacarır, topu "gizlədib" komanda yoldaşlarının hücuma atılmalarına şərait yaradırdı. İkinci qolda da böyük əməyi oldu. Rəqib müdafiəçinin səhvini lazımınca dəyərləndirib sol cinahda topu ələ keçirdi və Nazarova ideal ötürmə verərək, aktivinə məhsuldar ötürmə yazdırdı.

Ruslan Qurbanov (83) – Matça əla qoşuldu. üçüncü qoldan əvvəl top uğrunda sona qədər mübarizə apardı, nəticədə müdafiəçini səhvə məcbur etdi və penalti qazandı. Əminliklə demək olar ki, onun 10 dəqiqəlik oyunu 90 dəqiqə mübarizə aparan bəzi futbolçulardan daha faydalı oldu.

Emin Mahmudov (87) – Qısa müddətdə nəsə etməsini gözləmək yersiz olardı.

Cavid İmamverdiyev (88) – Onun da varlığını göstərmək üçün vaxtı olmadı.

 

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest