Futbol üzrə İtaliya millisi Dç-2022-də iştirak edə bilər. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, bu, FİFA-nın İran yığmasını yarışın iştirakçıları siyahısından çıxaracağı halda mümkün ola bilər. Məsələ burasındadır ki, ali futbol qurumu İranda qadınların stadionlara getməsinə icazə verilmədiyi üçün bu ölkəni cəzalandırmaq haqda düşünür. İran hakimiyyəti millinin Dç-2022-nin seçmə mərhələsində Livana qarşı keçirilən ev oyununda (2:0) qadınların tamaşaçı qismində stadiona daxil olmasını qadağan edib. Qadınları "İmam Rza" stadionuna buraxmayıblar. Bildirilib ki, hüquq-mühafizə orqanları onlara qarşı güc də tətbiq edib.
 
İran Futbol Federasiyası bəyanat yayaraq, yalnız 9 qadının saxta olmayan bilet aldığını və stadiona buraxıldığını açıqlayıb. Federasiya əlavə edib ki, azarkeşlər arasında saxta biletlər paylanıb, onların sahibləri matça buraxılmayıb.
 
Xatırladaq ki, FİFA hələ aylar öncə İrana qadın azarkeşlərlə bağlı ciddi xəbərdarlıq etmişdi. Ali futbol qurumu qadınların arenaya buraxılmayacağı təqdirdə bu ölkəyə qarşı sərt addımlar atılacağını bəyan etmişdi. İndi FİFA İranı mundialdan kənarlaşdırsa, İtaliya millisi final mərhələsinə vəsiqə qazanmayanlar arasında ən yüksək reytinqə malik olduğu üçün Dç-2022-də iştirak edə bilər.
 
İtaliya millisi dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyununda Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzaraq, ardıcıl ikinci dəfə mundialda iştirakdan məhrum olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest