Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo 6 dünya çempionatında qol vuran ilk oyunçu olub.
Matc.az xəbər verir ki, portuqaliyalı ulduz K qrupunun ikinci turunda Özbəkistana qarşı keçirilən matçda qol vurmaqla bu uğura imza atıb.
O, həmçinin dünya çempionatlarında vurduğu qolların sayına görə Eysebionun göstəricisinə çatıb. Hər iki futbolçunun aktivində 9 qol var və onlar yığmanın dünya çempionatlarındakı ən yaxşı bombardiri adını bölüşdürürlər.
Bundan əlavə, Ronaldo 41 yaşında qol vuraraq dünya çempionatları tarixində qol vuran ikinci ən yaşlı oyunçu olub. Birinci pillədə 1994-cü ildə 42 yaşında qol vuran Roje Milla qərarlaşıb. Bununla belə, portuqaliyalı hücumçu artıq dünya çempionatları tarixinin ən yaşlı avropalı bombardiridir.
Xatırladaq ki, Portuqaliyanın Konqo ilə heç-heçə etdiyi DÇ-2026-nın ilk turundan sonra bir çox ekspertlər Ronaldunu kəskin tənqid etməyə başlamışdılar. Xüsusilə, əfsanəvi Tyerri Anri Kriştianonun Portuqaliya millisinə mənfi təsir göstərdiyini bildirmişdi.













