Bütün Avropanın diqqəti UEFA-nın İcraiyyə Komitəsi və Konfransına yönəlib. Matc.az xəbər verir ki, İtaliyanın paytaxtı Romada bir sıra qərarlar müzakirə ediləcək.

Bunlar arasında avrokuboklarda səfər qolu üstünlüyünün ləğv edilib-edilməməsi də yer alıb.

1965/66 mövsümündən qitə miqyaslı klub turnirlərində tətbiq olunan səfər qolu qaydasının ömrünün 53 ilində tamamlaması istisna deyil.  Maraqlıdı, səfər qolu qaydası Azərbaycan klublarına nə verib?

ötən əsrin ortalarında verilən bu qərar komandalarımıza çox faydalı olub. Belə ki, 1994/95 mövsümündən avrokubok səhnəsinə çıxan komandalarımızın taleyi indiyədək 13 dəfə səfər qolu sayəsində həll olunub. çoxlarının bəyənmədiyi, ləğvini sevinclə gözlədiyi qərar bizimkilər üçün kifayət qədər düşərli olub.

Azərbaycan klubları 9 dəfə səfər qolu ilə mərhələ və yalnız 4 dəfə bu qaydanın əziyyətini çəkib.

Bundan ən çox faydalanan isə Azərbaycanın Avropada ən uğurlu təmsilçisi "Qarabağ"dı. Kimsə Ağdam təmsilçisinin 2016/17 mövsümündə çempionlar Liqasının III təsnifat mərhələsində çexiya "Viktoriya"sına məğlubiyyətinə görə səfər qolundan "küsə bilər" – 0:0, 1:1.

Amma "Qarabağ"ın avrokubokda yazdığı tarixlərin hamısı səfər qolu ilə yazılıb. Söhbət klubun 3 ən önəmli uğurundan gedir.

1999/2000 mövsümünədək Azərbaycan mərhələ keçməyin nə olduğunu bilmirdi. Bütün komandalarımız – "Qarabağ"ın özü də, "Neftçi" də, "Kəpəz" də Avropada sadəcə uduzmaq üçün var idi. Amma İntertoto kubokunda tilsim qırıldı. Ağdam klubu İsrail təmsilçisi "Makkabi"ni (Hayfa) keçdi. Mərhələ adlayan ilk Azərbaycan klubu olmaqda səfərdəki qolların sayı həlledici rol oynayıb – 2:1, 0:1.

Ağdam klubu 15 il sonra özünün böyük uğuruna imza atıb. "Qarabağ" ilk dəfə Avropa Liqasının qrupuna düşərək "Neftçi"nin uğurunu təkrarlayıb. özü üçün tarix yazan komanda pley-offda Hollandiya "Tvente"sini səfərdəki qolla keçib – 0:0, 1:1.

Hələlik Azərbaycanın avrokuboklardakı ən böyük uğuru sayılan çempionlar Liqasının qrupuna düşmək də səfər qolu ilə reallaşıb. 2017/18 mövsümündə Danimarkada vurulan qol "Qarabağ"ın "Kopenhagen"lə görüşlərdə tarix yazmasına səbəb olub – 1:0, 1:2.

Səfər qolundan ən çox faydalanan Azərbaycan klubu daha bir dəfə bu qayda sayəsində mərhələ keçib. 2011/12 mövsümündə "Qarabağ" Farer adaları təmsilçisi "Streymur"u Avropa Liqasının II təsnifat mərhələsindən kənarlaşdırıb – 0:0, 1:1.

"Qəbələ" və "Neftçi" də səfər qolları ilə tarix yazıb. Sonuncular klub tarixində ilk dəfə mərhələ adlamağa Bosniya və Herseqovinadakı qolla nail olub. 2004/05 mövsümündə çempionlar Liqasında "Şiroki Briyeq" səddi keçilib – 1:0, 1:2.

Avropa Liqasında ilk dəfə qrupa düşən "Qəbələ" Yunanıstanda tarix yazıb. "Panatinaikos" üzərində zəfər səfərdə vurulan qollarla gerçəkləşib – 0:0, 2:2.

Səfər qolunun həlledici olduğu digər duellər böyük tarixi əhəmiyyət kəsb etməsə də, təmsilçilərimizə faydalı olub. Vaxtilə "İnter" adlanan indiki "Keşlə" 2 dəfə - Makedoniya "Rabotniçi"si və Albaniya "Laçi"sini, "Neftçi" isə Slovakiya "Nitra"sını bu qayda hesabına keçib.

Düzdü, "Kəpəz"in "Sloqa Yuqomaqnat"a (Makedoniya), "Xəzər Lənkəran"ın "Olimpiya"ya (Moldova), "Neftçi"nin "Mladost"a (Monteneqro) evdə buraxdığı qol səbəbindən uduzduğu faktlar da var. Lakin 13 belə haldan 9-da mərhələni bizimkilər keçibsə, bunların bəziləri tarixi əhəmiyyətə malik olubsa, ləğvi gündəmə gələn qərarı uğursuz saymamalıyıq. Hər halda səfər qolu qaydası olmasaydı əlavə vaxta gedəcək "Makkabi", "Tvente", "Kopenhagen", "Panatinaikos" matçlarının necə nəticələnəcəyini bilmək olmaz.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest