21 İyun 2022, 10:23
DİGƏR
Pandemiya ilə əlaqədar iki illik fasilədən sonra şahmat məsələlərinin həlli üzrə 41-ci Azərbaycan çempionatı keçirilib. Matc.az xəbər verir ki, ilk dəfə olaraq paytaxtdan kənarda keçirilən və Sumqayıt Şahmat Məktəbində baş tutan çempionatda qələbə uğrunda ölkəmizin 10 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, Göygöl, Şəki, Şabran, Qəbələ, Naftalan, Tərtər, Xızı) 35 şahmatçı mübarizə aparıb.
ölkə çempionatı dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 şahmat məsələsi olmaqla 6 bölmə üzrə (ikigedişli–20 dəq, üçgedişli–60 dəq, etüdlər–100 dəq, çoxgedişli–80 dəq, yardımmat–50 dəq, əks-mat–50 dəq), ümumi 18 məsələ təqdim olunmaqla keçirilib. Hər düzgün həll edilən tapşırığa görə 5 xal verilib. ölkə çempionatı şahmat həlletməsi üzrə Dünya kubokunun mərhələlərindən biri kimi qeydiyyatdan keçmişdi.
İlk turlardan Gəncə şahmatçısı Amil Abbasov liderliyi ələ keçirib və günün sonunadək, yəni 3 turdan sonra liderliyi qoruya bilib. 15 qat ölkə çempionu, beynəlxalq usta Araz Alməmmədov (Qəbələ) 6-cı tur öncəsi liderliyi ələ keçirsə də, son məsələnin həllində kobud səhvə yol verərək, qələbəni əldən verib. Amil Abbasov 6-cı turda, əks-mat bölməsində daha yaxşı nəticə göstərərək, 90 mümkün xaldan 70 (304 dəq) xal toplayaraq, 13-cü Azərbaycan çempionu adını qazanıb.
Gümüş medalı 67 (360 dəq) xalla Araz Alməmmədov (Qəbələ), bürünc medalı isə 51,5 (289 dəq) xalla Rəvan Əliyev (Sumqayıt) qazanıb. 4-cü yer 48,5 (272 dəq) xalla 18 yaş Avropa çempionu Uğur İlyaslı (Sumqayıt), 5-ci isə yer 45,5 (358 dəq) xalla təcrübəli həllçimiz Aqşin Məsimova (Bakı) qismət olub.
Qadınlar arasında çempion adını 40,5 (261 dəq) xalla Ləman Hacıyeva (Bakı) qazanıb. 2-ci 27,5 (311 dəq) xalla Nərminə Ruzicəng (Naftalan), 3-cü isə 20 xalla (355 dəq) Aydan Hüseynzadə (Qəbələ) olub.
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazanıblar: ikigedişli – Vüqar Bayramov, üçgedişli və əks-mat – Amil Abbasov, etüdlər – Uğur İlyaslı (Sumqayıt), yardımmat və çoxgedişli – Araz Alməmmədov (Qəbələ).
Daha üç nominasiyada qaliblər müəyən edilib: veteran (60+) – Aqşin Məsimov (Bakı), gənclər (18 yaşa kimi) – Uğur İlyaslı (Sumqayıt), yeniyetmə (12 yaşa kimi) Elnur Səfərəliyev (Şabran).
İlham Əliyevin baş hakimi olduğu yarışın qaliblərinə pul mükafatları, medallar, fəxri fərmanlar təqdim olunub. Həlletmə komandamız noyabrda BƏƏ-nin Fujairah şəhərində keçiriləcək və mükafat fondu 30 min ABŞ dolları olacaq dünya çempionatında ölkəmizi təmsil edəcək.
Xatırladaq ki, şahmat həlletməsi üzrə milli komandamız 2014-cü ildə İsveçrədə dünya çempionatında və 2016-cı ildə Yunanıstanda Avropa çempionatında gümüş medal qazanıb.