Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 6-cı turda ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Görüş 40-cı gedişdə heç-heçə yekunlaşıb.
 
Teymur əvvəlki turlarda, Fransa təmsilçisi Alireza Firuzca, FİDE bayrağı altında yarışan Yan Nepomnyaşi, polşalı Yan-Kşiştof Duda və çinli Dinq Lirenlə də "sülh"ə razılaşmışdı. O, yalnız 2-ci turda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub.
 
Azərbaycan şahmatçısı hazırda 2,5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
 
Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
 
İddiaçılar Turniri
6-cı tur
23 iyun
 
Teymur Rəcəbov (Azərbaycan) - Rixard Rapport (Macarıstan) 0,5:0,5
Alireza Firuzca (Fransa) - Fabiano Karuana (ABŞ) 0:1
Hikaru Nakamura (ABŞ) - Dinq Liren (çin) 0,5:0,5
Yan Nepomnyaşi (FİDE) - Yan-Kşiştof Duda (Polşa) 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest