26 İyun 2022, 16:25
DİGƏR
Yeniyetmə stolüstü tennisçilərimiz iyulun 6-dan 15-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlığı davam etdirirlər. Matc.az xəbər verir ki, hazırlıq prosesinin növbəti mərhələsi bu gün Xaçmaz Olimpiya İdman Kompleksində yekunlaşıb.
Seçmə komandanın məşqçisi Elnur Hidayətzadə təlim-məşq toplanışı, idmançıların hazırlıq səviyyəsi və qitə birinciliyindəki imkanlar barədə federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- Yeniyetmə stolüstü tennisçilərimizi qarşıda ciddi sınaq gözləyir. Seçmə komanda Avropa çempionatına necə hazırlaşır?
- Komandamız yarışa çox ciddi şəkildə hazırlaşır. Azərbaycan Stolüstü Tennis Federasiyası il ərzində müxtəlif yaş qrupları üzrə seçmə komandaların təlim-məşq toplanışlarını təşkil edir ki, bu da, beynəlxalq yarışlara lazımı hazırlıq üçün olduqca əhəmiyyətlidir. Bildiyiniz kimi 2 il pandemiya dövründə beynəlxalq yarışlarda iştirak etməmişik. Pandemiyadan sonra ilk dəfədir ki, belə bir motəbər yarışa qatılacağıq. Seçmə komandanın heyəti 13-14 yaşlı Azərbaycan çempionlarından təşkil olunub. Avropa birinciliyində isə, əsasən 15 yaşlılar qüvvələrini sınayacaqlar. Bu baxımdan idmancilarımızın özlərindən böyük rəqiblərlə qarşılaşacağını söyləmək olar. Bu heyət gələn il artiq öz yaş qrupunda nübarizə aparacaq.
- Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı haqqında ətraflı məlumat verərdiniz. Hazırlıq hansı plan üzrə aparılırdı? Komandada əhval-ruhiyyə necədir?
- 10 gün Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirildi. Bu toplanışda idmançılarla əsasən texniki - taktiki hazırlıq üzərində iş apardıq. Nəticələrdən razıyam. Avropa birinciliyinə son məşqlərimizi Bakida keçirəcəyik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. İdmançılarımız səbirsizliklə yarışa qatılacaqları günü gözləyirlər. ümid edirəm ki, onlar etimadı layiqincə doğruldacaqlar.
- Avropa birinciliyinin püşkatmasını necə dəyərləndirirsiniz? Rəqibləri yəqin ki, analiz etmisiniz...
- Rəqiblərimizi tanıyırıq. Oğlanların qrupunda ən güclü rəqiblərdən biri Avstriya komandasıdır. Bu komanda daim Avropa birinciliklərində yüksək nəticələr göstərib. Qizların yarışında isə, İsveç komandasını xüsusi vurğulamaq olar. Bu kollektiv də müntəzəm olaraq mükafatçılar sırasında yer alıb. Digər rəqiblərimizdən Sloveniya, Monteneqro və Yunanıstan seçmələrini də, fəqrləndirə bilərəm.
- Komandanın yarışa hazırlığını və rəqiblərin imkanlarını nəzərə alaraq Avropa birinciliyində hansı nəticələrə ümid bəsləyə bilərik?
- Qitə birinciliyi həmişə çox gərgin mübarizə şəraitində keçir. Yəqin ki, bu dəfə də istisna olmayacaq. Belqrad sınaqları pandemiyadan sonra ilk böyük yarışlardan biridir və hər bir komanda bütün bacarığını ortaya qoymağa çalışacaq. Biz də, ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.