Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 44-cü ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirakdan imtina edib. Matc.az xəbər verir ki, bu barədə onun komanda yoldaşı Vasif Durarbəyli özünün "Feysbuk" səhifəsində yazıb. O, Rəcəbovu bu addımına görə qınayıb: "Komanda yoldaşı ilə problem olmaması üçün uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınırdım. Birdən Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar, amma bu, baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik.
 
Bu dəfə Azərbaycanın ilk olimpiya medalı qazanmaq üçün tarixi şansı yaranmışdı. Prinsipcə hələ də itməyib, lakin açıq danışmaq lazımdırsa Azərbaycanda Rəcəbovu əvəzləyəcək şahmatçı yoxdur və onun getməməsi medal şansını xeyli azaldır.
 
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Rəcəbovun bu mövqeyə yetməsi üçün dövlət milyonlar xərcləyib. Təbbi ki, belə borcu ödəmək mümkünsüzdür. Fəqət, ən azından şəxsi şahmata davam edilən müddətdə yığmada oynamaq şərtdir. Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti ,yığmada isə ümumi xeyir üçün iştirak edir.
 
Kimi Məmməd Arazın "Vətən mən oğul desə nə dərdim, mamır olub qayasında bitərdim." kəlamını əyani həyatımızda nümayiş etdirir.  
 
Kimi də Rəcəbov kimi milyonlarla yatırım alır amma sonsuz mənəvi məsuliyyətinin olduğunu görünür dərk etmir. 2019-da son anda yorğunluq bəhanə edib komandanı yarı yolda qoymaq, 2021-də 8 oyun mübarizəsiz heç- heçələr, indiki imtina və hələ bildiyim amma bölüşmədiyim  bir çox qeyri-ictimai məlumatlar mənə bunu deməyə əsas verir. 
 
Qısası, məncə Rəcəbov iki əli qanda olsa belə özünü bu olimpiadaya yetirməli idi! Etmədiyinə görə də onu qınayıram".
 
Qeyd edək ki, Rəcəbovu Olimpiadada əvəzləyəcək şahmatçı da artıq bəlli olub. 35 yaşlı qrossmeysterin əvəzinə Hindistana kapitan kimi getməli olan Nicat Abasov Teymurun yerinə mübarizə aparacaq. Komandada onunla yanaşı, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli yer alacaq. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest