12 Avqust 2022, 23:27
DİGƏR
Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Matc.az xəbər verir ki, yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir.
Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Bu gün komandamızın üzvlərindən Qasım İsmayılov da qüvvəsini sınayıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində 101 kq nəticə ilə 6-cı yeri tutub. O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib və 132 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb. Toplam 233 kq (101+132) nəticə göstərən Qasım İsmayılov yekun sıralamada 4-cü pillədə qərarlaşıb.
Atletlərin mükafatlandırma mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının baş katibinin müavini Kamal Axundov da iştirak edib. O, təkanla qaldırma hərəkətində uğur qazanan idmançılara medalları təqdim edib.