“Neftçi”nin sabiq çexiyalı futbolçusu Zdenek Folprext ölkəsinin mətbuatına müsahibə verib. Matc.az saytı xəbər verir ki, 2017-ci ildə 6 ay “ağ-qaralar”ın formasını geyinmiş 31 yaşlı yarımmüdafiəçi ölkəmizdə keçirdiyi günləri yada salıb. Hazırda Çexiyada “Vlaşim” klubunun şərəfini qoruyan Folprext Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” - “Qarabağ” cütü barədə də fikirlər səsləndirib.

- Bakıdakı günlərini necə xatırlayırsınız?
- Ora çox xoşuma gəlmişdi. Qeyri-futboldan danışsam, həqiqətən əla idi. Bakı gözəl şəhərdi. Mən indi həyat yoldaşım olan o vaxtkı sevgilimlə Bakıda qalırdım. Həmin vaxt uşaqlarımız yox idi. Orada ikimiz də əla vaxt keçirdik. Nə edəcəyiniz və hara gedəcəyiniz barədə çoxlu seçim var idi. Bu, həqiqətən də, gözəl idi.

- Bəs futbol tərəfi?
- O da yaxşı idi. Azərbaycan çempionatında cəmi 8 komanda var idi və hamısı Bakıda məskunlaşırdı. Bu, uzun səfərləri aradan qaldırır. Olduqca xoş haldı. Amma çempionluq uğrunda mübarizə aparan cəmi iki komanda var. Bir ara qızıl medallara iddia edənlərin sayı üç idi, amma “Qəbələ” artıq liderlər qrupundan çıxmışdı. Bu gün yarış sırf “Qarabağ”la “Neftçi” arasındadı. Ötən mövsümü də “Qarabağ” uğurlu keçirdi, son beş mövsümdə dördüncü dəfə çempion oldu. Ötən il “Neftçi” çempion olsa da, bu il rollar yenidən dəyişdi.

- Yəni, “Slaviya” ilə “Sparta” mübarizəsinə oxşayır?
- Belə demək olar. Baxmayaraq ki, bizdə Plzen “Viktoriya”sı da var. Üstəlik, Çexiyada aşağı pillələrdəki komandalar azərbaycandakılarla müqayisədə zirvəyə daha yaxındı. Çexiyada bəzən başqası üzə çıxa bilər. Amma orada ilk iki yerdəki komanda bəllidi.

- Azərbaycan futbolu ilə bağlı diqqətinizi çəkən nələr olub?
- Fikrimcə, “Neftçi” liqanın ən gözəl stadionuna və ən yaxşı azarkeşinə sahibdi. “Qarabağ” avrokubok matçları zamanı 70 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionundan istifadə edib. Ancaq “Viktoriya” ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanıldı. Ora tam başqadı. “Qarabağ”ın strategiyası hələ də eynidi. Onların çoxlu pulu var, ona görə də əcnəbiləri cəlb etməyi bacarırlar. Ölkə çempionatında qayda belə idi ki, ən azı 5 yerli futbolçu start heyətində başlamalıdı. Lakin avrokubok matçlarında belə limit yoxdu.

- Oradakı əcnəbilər də Çexiyadakılar kimi, darıxırlar?
- Çox yox. Bakıda olanda mən, bir xorvat, bir çilili və iki ispan futbolçu birlikdə kiçik bir partiya təşkil etdik. Bir neçə dəfə harasa getdik, amma yerli futbolçular bizimlə gəlmədilər. Onlar müsəlmandılar, spirtli içki içmirlər. Hər biri inancını heç bir şəkildə nümayiş etdirməyən normal insandı.

- Deyilənə görə, Bakıda canlı radio yayımınız olub...
- Bəli, doğrudu. Orada yarım saata yaxın söhbət etdim, gözəl idi.

- Azərbaycanda sizi təəccübləndirən nəsə olub?
- Oradakıların hər şeydə mənə kömək etməyə çalışmasına təəccüblənirdim. Azərbaycanda mentalitet fərqlidi, amma hər şey tamamilə əla idi. Hətta deyərdim ki, digər xarici ölkələrin heç birində Azərbaycandakı qədər mənə qarşı həvəsli insanlar olmayıb. İddia edirəm ki, Bakı bir növ müsəlman Las Veqasıdı. Qızlar rahatlıqla şortiklə gəzə bilirlər, heç kim bunu problem etmir. İnsan ilk baxışdan müsəlmanların arasında olduğunu hiss etmir. Ancaq şəhərin mərkəzini tərk edəndə çox böyük fərq yaranır. Dəhşətli yollar, yolboyu keçi əti satılır və insanlar orada eşşəyə minirlər.

- “Qarabağ”la “Viktoriya” arasındakı ilk oyunda hesab açılmadı. Cavab görüşü öncəsi kimi favorit sayırsınız?
- Bir az “Viktoriya”nı üstün tuturam. Şansları 55/45-ə görürəm. “Şerif” kimi, “Qarabağ”ın da heyətində 8-9 əcnəbi var. İlk matç da göstərdi ki, onların bəziləri fərdi cəhətdən çox güclüdür. “Viktoriya” isə komanda işi sayəsində Plzendə də istədiyi nəticəni əldə edə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest