"Mançester Siti"nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında qarşılaşdığı bütün komandaların qapısına yol tapan ikinci futbolçu olub.
Matc.az xəbər verir ki, bu tarixi hadisə Premyer Liqanın V turu çərçivəsində keçirilən və "Mançester Siti"nin "Sanderlend"ə 5:3 hesabı ilə qalib gəldiyi oyunda qeydə alınıb.
"Etihad" stadionunda baş tutan və baş hakim Robert Consun idarə etdiyi görüşün 81-ci dəqiqəsində fərqlənən norveçli ulduz yeni bir rekorda imza atıb. Təcrübəli hücumçu turnir çərçivəsində qarşıya çıxdığı 25 komandanın hər birinin qapısına qol vurmağı bacarıb.
Qeyd edək ki, analoji göstəriciyə sahib olan digər yeganə futbolçu Harri Keyndir. İngiltərəli forvard Premyer Liqada üz-üzə gəldiyi 32 klubun hamısını məyus edib.













