"Şamaxı"nın Müşahidə Şurasının üzvü Orxan Fikrətoğlu hərşeyşünaslığına sadiq qalaraq gündəmə gəlməyə cəhd edib. İTV-də çıxışı zamanı futboldan danışmağa, özünü ağıllı göstərməyə və klubunun sifarişi ilə idman jurnalistlərinə söz atmağa çalışıb.
 
Bir az dərinə gedib, ciddi səhvlər buraxıb və özünü dolaşdırıb. İdman jurnalistlərinin haqlı iradlarından sonra isə dünən gecə sosial şəbəkə hesabında aydınlatma paylaşımı yazıb. Yenə xislətinə qalib gələ bilməyib və üzrü qəbahətindən betər olub. Bir-iki jurnalistin adını çəkməklə onlara qarşı haqsızlıq etdiyini etiraf edib, eyni zamanda haqqında danışdığı insanları cəbhələrə bölərək özü üçün dividend qazanmağa çalışıb.
Amma əbəsdi, Orxan Fikrətoğlu, ona tribuna verən telekanal, eləcə də onu futbolumuza calaq etmiş "Şamaxı" klubu idman jurnalistlərinə edilən hörmətsizliyə aydınlıq gətirməyincə, ayıbların kor olmayınca sular durulmayacaq. Səhv edən başını daşa döyməlidi.
 
Əyriynən düz, əkiz qardaş
çaşdırıbdı bizi əyri.
Düz adama daş atır, daş,
Bəyənməyir düzü əyri.
 
Rəhmətlik Fikrət Sadıqın şeridi, sanki oğluna yazıbmış. çox təəssüf ki, onun yaradıcılığına Orxan bəyin yöndəmsiz bir çıxışından sonra müraciət etməli olduq. Oddan kül törəyirmiş…
 
Fikrətoğlunun İTV-dəki mənasız çıxışına baxdım, dövlətdən maliyyələşən telekanalın belə ucuz, mənasız söz yığınından ibarət monoloqa ayırdığı vaxta görə təəssüfləndim. Daha ciddi adamlarla daha ciddi məsələlərin müzakirəsinə ehtiyac duyulduğu bir məqamda belə şit verilişə nə gərək var?
 
Hələ o vaxtdan Yeni Azərbaycan Partiyasının acığına (!) özünü "köhnə azərbaycanlı" kimi tanıdan Orxan Fikrətoğlu qısa çıxışında saxtakarlığa çağırış edir. Deyir ki, "Qarabağ"ın legionerlərini də milliləşdirin, onu yığma komandanın bazasına çevirin. Bu adam dövlətin maliyyələşdirdiyi telekanalda dövlətin qanunlarını ayaqlamağı təklif edir, milliləşdirmənin hüquqi əsasını araşdırmadan milliləşdirmə hökmü verir.
 
Deyir ki, "Qarabağ"ın üzvləri millidə də oynamağa qadirdir. Ay atasının gül balası, onlar zatən millinin əsasını təşkil edirlər, ya fikirlərini, təklifini daha da konkretləşdir, ya da bu cür ucuz çıxışla özünü gözdən salma. Sən səbəblərdən danış, səni yaxından-uzaqdan dəxlin olmadığı "Şamaxı"ya göndərənlərin illərdi bu potensiala rəğmən, millidə niyə yaxşı nəticələrə nail olmadığını de.
 
Fikrətoğlu heç "Qarabağ"ın dəqiq hansı yarışda oynadığını bilmir, çıxışında dili dolaşır, amma ağıl verməyə davam edir. Min bir məhrumiyyətlə illərdi haqsızlıqla mübarizə aparan, heç vaxt hədəfindən vaz keçməyən, doğruları yazmaqdan yorulmayan, zamanla haqlı olduğu təsdiqlənən idman mətbuatına şər atmaqdansa, Orxan bəy öz keçmişinə, fəaliyyətinə nəzər yetirsin. Söz oynatmaq, kəndirbazlıq etmək ciddi jurnalistika deyil, ona görə də "qəhrəmanımız" bir qəpiklik hörmət yiyəsi deyil, ucuz efir reklamından qazandıqlarının kölgəsində küllənir.
 
Hər nə qədər hərşeyşünas olsa da, öz həmkarın haqda belə cümlələr yazmaq xoş deyil. Amma o adama güzəşt edərsən ki, ən azı istisnalarla danışar, hamını bir tutmaz. Meşə çaqqalsız olmur, lakin fəxrlə deyə bilərik ki, jurnalistikanın məhz idman qanadının 90-95 faizi ən peşəkar, ən ləyaqətli şəxslərin çiynindədir. Fikrətoğlunun hansı çirkablarda yuvarlandığının fərqindəyik, amma haqqında danışdığı bütün insanları özü kimi bilməmək lazımdı, araşdırmaq, sonra qərar vermək Orxan bəyin həm də peşə borcudur.
 
"İdman şərhçiləri qışqırır" deyən Orxan bəy bəlkə də idman kanallarımıza baxmır, işini sevən, ən yaxşı şəkildə fəaliyyət göstərən ləyaqətli həmkarlarımızı tanımır. Amma o, ən azı ANS-də çiyin-çiyinə illəri yola verdiyi Gündüz Abbaszadəyə, Asif Bağırova qarşı belə hörmətsizlik etməməlidir. Elə həmin İTV-də bir reportajı Fikrətoğlunun bütün karyerasını arxivə atmağa yetərli olan Tural Dadaşov, Kənan Hakimov kimi jurnalistlər var. Onlardamı cibə girir? Elədisə, onlarla bir kanalda işləmək sizə utanc gətirmirmi, Orxan bəy?
 
Bəli, idman mətbuatı maliyyə dayaqları, maddi-texniki baza baxımından zəifdi, amma bu sahədə səni çaya susuz aparıb-gətirəcək istedadlar var. Sən atanın gül balası kimi aşdığın sədləri onlar istedad və bacarıqları ilə aşa bilmirlər. çünki sən və sənin kimilər onların layiq olduğu yüksəklikləri başqa bacarıqlarınız sayəsində zəbt etmisiz. Bu sahədə çalışan oğlanlar həqiqəti yaza-yaza, doğru yol göstərə-göstərə diş-dırnaqla mübarizə aparırlar, sən isə gündə bir vəzifəyə təyin edilirsən, kreslodan kresloya tullanırsan.
 
Orxan bəy, heç idman mətbuatını oxuyursan? Cibdə olan sənin kimilərdi, kiminsə sözünün demək üçün efirə, ekrana pərçim olmusan. Halbuki işin borş bişirmək, ermənilərin özününküləşdirdiyi dolmaya sahib çıxmaqdı.
 
"Mütəxəssis yoxdur" deyirsən, ay hərşeyşünas, bəlkə mütəxəssisləri kölgəyə atanlardan danışasan. Cürətin çatmır? İdman mətbuatını izlə, mütəxəssləri də, onların qarşısını kəsənləri də mütləq tanıyacaqsan, sənə indi efir vaxtı verən ağaların məsləhət bilsə, növbəti verilişdə onlardan danışarsan.
 
Orxan bəy, sənin ümumiyyətlə, "Şamaxı"da nə işin var? Futbolda çox dayaz olduğunu bir verilişdəcə isbatladın, bəlkə elə həmin mütəxəssislərin yolunu kəsən, onların yerini tutan sənsən? Sən "pis təsir bağışlamadı" dediyin "Kəpəz"in problemlərini bilirsənmi? Autsayder, rəzil günündə olan "Şamaxı"nı orada olduğun üçün tərifləyirsən? Mətbuat baş məşqçisi və real məşqçisi fərqli olan qondarma klubunu tənqid etdiyi üçün yanıqlısan? Pulla ala bilmədiyin oğlanlara efirdə böhtan atırsan?
 
Əziz Fikrətoğlu, son paylaşımındakı "zurna" ifadəsini niyə işlətdiyini özün bilərsən, səndən daha sanballı, daha savadlı yazılmış üzrxahlıq açıqlaması gözləyirik. Rəhmətlik atanın yaradıcılığının şah əsəri olan şeirdən bir parçanı xatırlatmaqla ilk dərsini bitmiş hesab edirəm:
 
üç cür olur zurnaçılar:
Biri elə zurna çalar,
Biri belə zurna çalar,
Biri də elə-belə zurna çalar.
 
Futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest