10 Sentyabr 2022, 09:33
DİGƏR
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə velosiped idmanının BMX növü üzrə ilk dəfə ölkə çempionatı keçirilib. Matc.az xəbər verir ki, Bakıda yerləşən Veloparkdakı BMX meydaçasında baş tutan yarışda bütün yaş kateqoriyalarında olan idmançılar iştirak ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən keçirilən çempionatda 24 velosipedçi birincilik uğrunda mübarizə aparıb. İdmançılar qrup yarışında çıxış ediblər.
Yarışda Yelmar Şahmarzadə hamıdan yaxşı nəticə göstərərək qızıl, onun ən yaxın izləyicisi Murad Həsənov gümüş, Maksim Şulqin isə bürünc medal qazanıb.
Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
İdmançılara mükafatları Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva təqdim edib.
Qeyd edək ki, ölkə çempionatının keçirilməsində məqsəd velosiped idmanının BMX növünün təbliği və inkişafı, perspektivli idmançıların aşkar edilməsi, müxtəlif yaş kateqoriyalarında idmançıları və idman həvəskarlarını aktiv velosiped sürməyə cəlb etmək, Azərbaycanın regionlarında əhali arasında bədən tərbiyəsi, sağlamlıq və idman fəaliyyətinin aktivləşdirilməsidir.