24 Sentyabr 2022, 19:42
DİGƏR
Azərbaycanın stolüstü tennisçisi Aylin Əsgərova Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən yeniyetmələrin "WTT youth contender Tbilisi" turnirində mükafatçılar sırasında yer almağı bacarıb. Matc.az xəbər verir ki, 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçi qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək 1/8 finala adlayıb.
Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını 1/2 finala yazdırıb. Finala çıxış uğrunda görüşdə isə Honkonq idmançısına uduzan Aylin Əsgərova turniri 3-cü pillədə başa vurub.
Daha iki tennisçimiz - Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli də mükafatlar uğrunda mübarizəni davam etdirir. Bu gün 11 yaşadək tennisçilərin yarışında qüvvəsini sınayan Yağmur Məmmədlinin startı uğurlu alınıb. Keçirdiyi iki qarşılaşmadan qalib ayrılan tennisçi sabah mükafatlar uğrunda görüşlərdə etimadı doğrultmağa çalışacaq.
15 yaşadək idmançıların turnirinə qatılan Mərziyyə Nurmətova da qrup mərhələsini inamla adlayaraq 1/16 finala vəsiqə qazanıb. O, sabah mübarizəni davam etdirəcək.
Daha öncə oğlanların mübarizəsində Adil Əhmədzadə ilə Onur Quluzadə 3-cü yeri tutmuşdu.