Bu həftə Topaz Premyer Liqasında XIX turun matçları keçiriləcək. Matc.az saytının məlumatına görə, "Qəbələ" səfərdə "Zirə" ilə görüşəcək.
Bu, komandaların mövsümdə 3-cü qarşılaşması olacaq. Əvvəlki iki oyunda yalnız 1 qol vurulub. "Zirə" I dövrədəki ev görüşündə 1:0 hesabı ilə qalib gəlibsə, II dövrədəki matçda qolsuz sülh qeydə alınıb.
ümumilikdə isə "qırmızı-qaralar" paytaxt təmsilçisi ilə 17-ci dəfə üz-üzə gələcək. Əvvəlki 16 matçda "Qəbələ" üstünlüyə malikdir. Komanda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 22 top keçirən region klubu 14 qol buraxıb. "Qırmızı-qaralar"ın 22 qoluna 14 futbolçu imza atıb. Aleksey Qay hamıdan çox - 4 dəfə fərqlənibsə, Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç və Stiven Monroz hərəyə 2 dəfə rəqib qapısına yol tapıb.
2 dəfə kubokda görüşən rəqiblər Premyer Liqada 15-ci duelə çıxacaq. çempionatda komandalar hərəyə 4 dəfə üç xala sevinibsə, 5 dəfə sülhlə ayrılıblar. Bu oyunlarda "Qəbələ" 15, rəqibi 12 qol vurub.
"Qəbələ" səfərdə keçirdiyi 8 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə meydandan məğlub ayrılıb. Paytaxt təmsilçisinin meydanında top fərqi "qırmızı-qaralar"ın xeyrinədir – 11:8.
Xatırladaq ki, "Zirə" - "Qəbələ" görüşü martın 3-də baş tutacaq.