"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq şahmat turnirinin daha iki iştirakçısı açıqlanıb. Matc.az xəbər verir ki, 17-24 dekabrda keçiriləcək yarışda hindistanlı Qukeş Dommaracu və yerli şahmatçı Aydın Süleymanlı da mübarizə aparacaq.
 
2012-ci ildə məktəblilər arasında Asiya, 2018-ci ildə isə 12 yaşadək şahmatçılar arasında dünya çempionu olan ​Dommaracu 12 yaşında qrosmeyster tituluna yiyələnib. Hindistan təmsilçisi tarixdə ikinci ən gənc qrosmeyster adına sahib olan şahmatçıdır. O, 2022-ci ildə Hindistanın çennai şəhərində keçirilən 44-cü ümumdünya Şahmat Olimpiadasında birinci lövhədə qızıl medal qazanıb. ​
 
Yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu, "Aeroflot Open 2020" turnirinin qalibi olan Aydın Süleymanlı 2021-ci ildə "Vüqar Həşimov" klubunun heyətində klublararası Avropa kubokunda bürünc medala sahib çıxıb. Qrosmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənın çorum şəhərində 16 yaşadək şahmatçılar arasında ümumdünya Şahmat Olimpiadasının qalibi olub
 
Daha əvvəl turnirə Şəhriyar Məmmədyarov və Rumıniya təmsilçisi Riçard Rapportun qatılacağı dəqiqləşib. On şahmatçının iştirakı ilə keçiriləcək yarış rapid və blits üzrə təşkil olunacaq.
 
Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə baş tutacaq.
 
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest