Futbol üzrə Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Yaponiya yığmasını penaltilər seriyasında üstələməkldə adını 1/4 finala yazdırdı. Matc.az xəbər verir ki, xorvatların dünya və Avropa çempionatlarının pley-off mərhələsində son 8 oyununun 7-si əlavə vaxta gedib.
 
Sözügedən komanda ilk dəfə bu halla AÇ-2008-də üzləşib. Həmin vaxt bu kollektiv 1/4 finalda Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub.
 
Xorvatiya seçməsinin növbəti 3 belə oyunu isə 2018-ci ildə Rusiyada keçirilmiş mundiala təsadüf edib. Həmin vaxt yığma 1/8 finalda Danimarkanı (1:1) və 1/4 finalda Rusiyanı (2:2) penaltilər seriyasında, yarımfinalda İngiltərəni isə (2:1) əlavə vaxtda üstələyib. AÇ-2020-də İspaniyaya qarşı 1/8 final qarşılaşması isə əlavə vaxtda Pireney təmsilçisinin qələbəsi ilə başa çatıb - 5:3.
 
Xorvatiya yığması mundialların 1/8 final mərhələsinə tarixi ərzində 3 dəfə vəsiqə qazanıb və hamısında 1/4-ə yüksəlməyi bacarıb. Mundiallarda 3 dəfə penalti seriyasında qüvvəsini sınayan xorvatlar, bütün hallarda qələbə əldə edib.
 
Bu oyunda xorvatların bərabərlik qolunu vuran İvan Perişiç dünya və Avropa çempionatlarında 10-cu qoluna imza atdı. Bununla da o, 9 qollu Davor Şukeri geridə qoyub. Perişiç həm də 5 fərqli AÇ və DÇ-də qol vuran ilk xorvat olub. İvan dünya çempionatlarında 6-cı qolunu vurmaqla da ilkə imza atıb. Xorvat futbolçular arasında bunu bacaran ikinci bir şəxs yoxdur. O, həmçinin 3 fərqli mundialda (2014, 2018, 2022) qol vuran ilk xorvatdır.
 
Xorvatiya millisi Qətərdə təşkil olunan dünya çempionatının 1/8 final mərhələsində Yaponiyanı məğlub edərək növbəti raunda adlayıb. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (3:1) oynayan Avropa təmsilçisi adını 1/4 finala yazdırıb. Bu komandanın növbəti rəqibi Braziliya və Cənubi Koreya yığmalarından biri olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest