Bu gün Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında "Bakı 2019: Ulduzlar Finalı" adlı qarşılaşma baş tutub. Matc.az saytının məlumatına görə, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze Nihat Kahveci, Hamit Altıntop, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçirilmiş oyun paytaxt sakinlərinin böyük marağına səbəb olub.
Tədbirin davamı olaraq, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində bu gün saat 16:00-dan 18:00-dək "28 Mall" ticarət mərkəzində Nihat Kahveci və Dekunun imza günü keçiriləcək. İmza günündə azarkeşlər və qonaqlar futbolçularla yaxından tanış ola, imza ala, eləcə də onlarla xatirə şəkli çəkdirə biləcəklər.
Qeyd edək ki, Nihat Kahveci türkiyəli sabiq peşəkar futbolçudur. "Beşiktaş"ın yetirməsi olan hücumçu İspaniyanın "Villareal" və "Real Sosyedad" kimi klublarında da çıxış edib.
Deku kimi tanınan Anderson Luis de Souza isə yarımmüdafiəçi mövqeyində çıxış edən sabiq portuqaliyalı futbolçudur. Deku "Porto", "Barselona", "çelsi" və "Fluminense" kimi klubların şərəfini qoruyub.