Geridə qalan illər ərzində çətin günlər az olmasa da, bir mətbu orqan kimi yıxılmadıq, hansısa oliqarxın, nazirin qabağında əyilmədik. Düz bildiyimizi ictimaiyyətə çatdırdıq, ağa "ağ", qaraya "qara" deməyi özümüzə borc bildik. 25 ildə çoxları çalışdı ki, "Futbol+"i yolundan sapdırsın. Kimi hədə-qorxu ilə bunu etməyə çalışdı, kimi nələrsə söz verdi, kimi də yuxarı instansiyaların təzyiqindən yararlanmaq istədi. Ancaq "Futbol+" 25 il əvvəl yola neçə çıxmışdısa, elə də davam edir. Nə kimdənsə qorxur, nə də kiminsə cibinə göz tikir. Heç tapşırığa da məhəl qoymur. 25 il əvvəl baş redaktor kimi Mahir Rüstəmli necə cığır açıbsa, onunla da yolumuza davam edirik. Ancaq nə yazıq ki, hələ də bunu başa düşməyənlər, yumşaq kresloya oturandan sonra özünü əlahiddə səlahiyyət sahibi kimi aparanlar var.

Gənclər və İdman Nazirliyi dekabrın 26-da idman ictimaiyyətini, federasiya rəsmilərini, idman mətbuatının nümayəndələrini "Buta Palas"a - "İlin İdman Yekunları" adlı qala-gecəyə dəvət etmişdi. Həmin gün "Buta"da daha kimlər yox idi?! Nazirlik 7-dən 77-yə, A-dan Z-yə qədər hər kəsi qara kostyum geyməyə, tədbirdə iştiraka səsləmişdi. Bu qara geyim məqamına sonda bir daha toxunacam. Təəssüf ki, bu günə qədər özünün də sosial şəbəkələrdə bəh-bəhlə yazdığı kimi 61 ölkədə olan, xalqa işə piyada gəzməyi məsləhət bilən Fərid Qayıbov və əsabələri "Futbol+"in həmin mərasimdə iştirakını lazım bilməyiblər. Niyə, nə üçün? Bəlkə "Futbol+"də çalışanların qara kostyumu, ağ köynəyi, qırmızı qalstuku yoxdu? Bəlkə "Buta"ya dəvət olunanların bəziləri kimi imicimiz ləkəlidi? Təbii ki, kostyumumuz da var, təmiz adımız-sanımız da. Sadəcə, "Futbol+" "ləbbeyk" deməyi bacarmır. İstəsək də, bunu edə bilmirik. Azad olmaq, düz bildiyimizi açıq-aydın ictimaiyyətə çatdırmaq artıq qanımıza işləyib. Görünür, bu da kimin və ya kimlərinsə xoşuna gəlmir.

Açığı, nazirlikdə qonaqların siyahısını kimin tərtib etdiyini bilmirəm. Bilinən odu ki, həmin şəxs "Futbol+"in orda olmasını istəməyib. Əslində bu məsələdə heç kim yox, nazırliyin mətbuat katibi qınanılmalıdı. Yəqin ki, "Futbol+"i mərasimə dəvət etməmək də məhz Qabil Mehdiyevin beyninin məhsuludu.

Nədənsə 45 yaşlı mətbuat katibinin bu il 25 yaşını qeyd edən mətbu orqanla ulduzu barışmır. Niyə, nə üçün? Səbəbi bizə də qaranlıqdı. Nazirliyin sözçüsü hərdən özünü elə aparır ki, sanki Fərid Qayıbovla yeri səhv düşüb. Qayıbov mətbuat katibi, Mehdiyev isə nazir olmalıymış. Mətbuat katibi hər vəchlə çalışdığı qurumun imicini ləkələməyə çalışır. Əslində Qabil bəyi də qınamıram. Onun orta məktəbinin son illəri Vasif Talıbovun Naxçıvanda hökmranlığa başladığı ilk illərlə üst-üstə düşür. Yəqin 17-18 yaşlı yeniyetmə Mehdiyev də qarşısına məktəbi bitirib ali təhsil alandan sonra Talıbov kimi "dövlət xadimi" olmaq məqsədi qoyub. Belə arzuda olubsa, Qabil bəyi təbrik etmək olar. O zirvəyə çatmasa da, atdığı addımlar, yürütdüyü siyasətlə müəyyən qədər bunu bacarıb. Ancaq Mehdiyev Vasif bəyin son günlərini də gözünün önünə gətirməyi unutmasın. Talıbov taxtdan düşər-düşməz bir vaxtlar ona "ləbbeyk" deyənlər, daş qoyduğu yerə baş qoymaq istəyənlər indi onu tənqid yox, təhqir etmək üçün növbəyə düzülüblər.

P.S. Necə deyərlər, kreslo gəldi-gedərdi, əsas olan kreslosuz günlərdə adam içinə çıxmaqdı. Bu ilin oktyabrında 25 illiyini qeyd edən "Futbol+" daha "ağır artilleriya" ilə qarşıdurmadan üzüağ çıxmağı bacarıb.

P.P.S. Nazirliyin hər kəsi qara geyimə həvəsləndirməsində də bir mistika var. Böyük idman uğurlarından ağzı köpüklənə-köpüklənə danışmaq hara, il ərzində böyüklər arasında, heç olmasa, iki dünya çempionluğu qazana bilməmək hara?! Hələ ənənəvi güclü Rusiya müharibəyə görə dünya idmanından rədd olunub, Ukrayna və Belarus idman hayında deyil. Deməli, AGİN ən azı iştirakçılar üçün rəng seçimində düzgün qərar verib. İdmanı qara gündə olan ölkənin idman ictimaiyyəti da qara geyinməlidi!

Rəşad

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest