Hər gün "Kəpəz"də yaşanan qeyri-adi olaylar barədə xəbər eşitməsəm, özümü narahat hiss edirəm. Yemək yemirəm, su içmirəm, qonşularıma salam vermirəm. Həyəcanımı boğmaq üçün yoqa ilə məşğul oluram. Gəncə klubunun düşərgəsində sükut olanda ürəyim əsir. Bunu tufanqabağı sakitlik kimi qəbul edib, üçüncü dünya müharibəsinin başlayacağından, Rusiyanın Amerika Birləşmiş Ştatlarına və ya onun buna nüvə silahı atacağından, yeni ölümcül virusun dünyanı ağuşuna alacağından qorxuram. "Kəpəz"in düşərgəsində hər gün medianın gündəmini zəbt edən nəsə olmalıdı. Bu yoxdusa, elə zənn edirəm ki, dünyanın sonu yaxınlaşıb, qiyamət yetişib.

Yanvarın ilk günlərində "sarı-göylər"lə bağlı yeni bir xəbər oxudum. Səm demə, komanda Antalyaya iki aparıcı üzvü - Ahmed Ayzaya və Abdullahi Şuaybusuz yollanıb. Yazılanlara inansaq, Türkiyə səfirliyi nigeriyalılara viza verməyib. "Kəpəz"lə bağlı bu xəbəri saytlar elə təqdim etmişdi ki, sanki böyük biabırçılıq baş verib. Milli mətbuat bu xəbəri ictimaiyyətə qeyri-adi hal kimi sırımağa çalışıb. Məncə, burda diqqətçəkən xüsusi heç nə yoxdu. İki futbolçunun toplanışa iki gün gec qoşulması heç də biabırçlıq deyil. Əslində ən böyük biabırçılıq AFFA-nın əlinə baxan, stadionu bombalanmış sahəni xatırladan, paltardəyişmə otağı vaqon olan, avtobus almaq üçün şəkil satan klubun Antalya eşqinə düşməsidi. Xahiş edirəm, sözümü kəsməyin. Mənə "yetimin əlində qoğal pis görünür?" misalını da xatırlatmayın. Adama deyərlər, sən hansı gününə başını başlara qoşursan, bir futbolçusunu 5 milyon avroya satan "Qarabağ"a, SOCAR kimi himayədarı olan "Neftçi"yə oxşamaq istəyirsən, pula pul deməyən "Sabah"ın ayaqqabasını geyməyə çalışırsan? Sənin heç Tovuzun icra başçısı kimi çətin anda öz cibindən borc verə biləcək himayədarın da yoxdu. Belə vəziyyətdə yola çıxmaq, iki həftə 5 ulduzlu oteldə qalmaq sənin harana yaraşır?


Qayıdaq "Kəpəz"in yazıq, qaragünlü, qaradərili futbolçularının başına gələnlərə. Dünən onlarla bağlı daha bir xəbər çıxdı qarşıma. Bu dəfə yazılmışdı ki, klubun İdarə Heyətinin rəhbəri İlqar Nadirinin xüsusi səyi nəticəsində, axır ki, Ahmedlə Abdullahinin üzünə gün doğub. Onlar da qarlı Bakını tərk edərək, yağışlı Antalyaya yollana biliblər. Nigeriyalıların Tükiyəyə getməsini başa düşdüm. Ancaq mətbuatda yazılan "İlqar Nadirinin xüsusi səyi nəticəsində" cümləsi mənə qaranlıq qaldı. Deyəsən, İlqar bəy BMT-nin, Qırmızı Xaç Cəmiyyətinin, Sərhədsiz Həkimlər Təşkilatının xüsusi səlahiyyətli nümayəndəsidi, sadəcə, bizim xəbərimiz yoxdu. Əks halda necə ol bilər ki, Türkiyə səfirliyi məhz onun sözünü yerə salmayaraq Ahmedlə Abdullahinin qarşısında "yaşıl işıq yandırdı", futbolçuların qardaş ölkəyə gedişinə icazə verdi? İnternetdə bu məsələ ilə bağlı axtarış verdim. Amma heç nə tapmadım. "Kəpəz"lə bağlı xəbərlərdə ancaq "Rauf Əliyev Tərlan Əhmədoun cavabını verdi", "Əfran İsmayılov baş məşqçiyə söz atdı", "Evin Yunuszadə durumundan narazıdı" kimi xəbərlər çıxdı. özlüyümdə "özünə umac ova bilmir, başqasına əriştə kəsir" misalını xatırladım. Onu da düşündüm ki, İlqar bəy səfirliyə təsir edəcək qüvvəyə, əzəmətə sahibdisə, hər yerdə sözü keçirsə, niyə "Kəpəz"də yaşananlara müdaxilə etmir? Niyə özünü "avtoritet" sayan Əfran, Rauf və Elvin ilə üz-üzə oturub söhbət etmir? Niyə ələbaxan "Kəpəz"ə ayrılan maliyyəni boş yerə xərcləyir, komandaya zərrəcə fayda verməyənlərə hər ay maaş verir?

Rəşad
Futbol+

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest