Topaz Premyer Liqasında XXI turun iki oyununun vaxtı dəyişdirilib. Matc.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, buna səbəb milli komandanın qarşıdakı görüşlərə hazırlaşmaq istəyidi.
Belə ki, AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində martın 21-də Xorvatiyanın qonağı olacaq yığmamız bundan 4 gün sonra Litva ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Bu vacib oyunlara daha səmərəli hazırlaşmaq məqsədilə AFFA-dan PFL-ə daxil olan rəsmi müraciətdə millinin martın 16-da təlim-məşq toplanışına başlamaq istəyi öz əksini tapıb.
Qeyd olunan tarixdə təqvim üzrə Premyer Liqanın XXI turu çərçivəsində "Səbail" - "Qarabağ" və "Zirə" - "Keşlə" matçları keçirilməsi nəzərdə tutulub. PFL də bu istəyi nəzərə alaraq, XXI turun oyunlarında dəyişiklik edib. Belə ki, "Səbail" - "Qarabağ" və "Zirə" - "Keşlə" görüşləri ayın 15-nə keçirilib.