"Futbolda belə hallar olur. Külək amilini də nəzərə almalıyıq. Mamadu da belə olmasını istəməzdi. Mənə ötürmə vermək istəyirdi, top dayandı. Nəticədə rəqib oyunçu topu ələ keçirərək qol vurdu".
"Oyun çox çətin keçdi. Rəqibin elə də üstünlüyü yox idi. Amma qol vurduqdan sonra onlara inam gəldi. İkinci hissədə istədiyimizi aldıq. Sevinirik ki, 3 xal qazandıq". Matc.az-ın məlumatına görə, bunu "Neftçi"nin qapıçısı Səlahət Ağayev səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
28 yaşlı qolkiper qapısından buraxdığı qol epizodunda müdafiəçi Mamadu Mbodjun səhvini yox, külək amilinin rolunu qabardıb: "Futbolda belə hallar olur. Külək amilini də nəzərə almalıyıq. Mamadu da belə olmasını istəməzdi. Mənə ötürmə vermək istəyirdi, top dayandı. Nəticədə rəqib oyunçu topu ələ keçirərək qol vurdu. Yanlışı da, doğrunu da bütün komanda edir. Əsas odu ki, 3 xal qazandıq".
Ağayev "Neftçi"nin vahid liderə çevrilməsinə baxmayaraq, indidən çempionluq barədə düşünməyin çox tez olduğunu vurğulayıb. O, Premyer Liqada qalan 8 qarşılaşmanın komandası üçün final ovqatında keçəcəyini diqqətə çatdırıb: "Hər bir qarşılaşmaya son oyun kimi çıxmalıyıq. Sonadək gözləyəcəyik".
"Flaqman"ın qapıçısı Azərbaycan millisinin martın 21-də səfərdə Xorvatiya ilə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə matçına və martın 25-də Bakıda Litva ilə yoldaşlıq görüşünə dəvət almasının yeni baş məşqçi Nikola Yurçeviçdən asılı olduğunu açıqlayıb: "Hər bir futbolçu istəyər ki, millidə oynasın. Baş məşqçi Nikola Yurçeviç yenidi. Dəvət göndərsə də, göndərməsə də, sağ olsun. Hər şey baş məşqçinin ixtiyarındadı. Qərarına hörmətlə yanaşacağıq".