10 Mart 2023, 22:45
DİGƏR
Sabah keçiriləcək final günündə kişilər arasında sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadınlar arasında isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar üzrə qaliblər müəyyənləşəcək.
Dünən Bakıda start götürən kişi və qadın idman gimnastikası üzrə dünya kuboku davam edir. Matc.az xəbər verir ki, bu gün, yarışın ikinci təsnifat günündə kişilər dayaqlı tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə qüvvələrini sınayıblar. Daha iki idmançımız təsnifat mərhələsində çıxışını uğurla başa vuraraq finala vəsiqəni təmin edib.
Təmsilçimiz İvan Tixonov dəstəli at və turnikdə proqramını nümayiş etdirib. Gimnastımız turnikdə hərəkətlərin icrasını 13.933 xalla 6-cı pillədə başa vuraraq finala adlayıb. Onun dəstəli atda çıxışı hakimlər tərəfindən 13.100 xalla qiymətləndirilib və idmançımız 20-ci pillədə qərarlaşıb.
Qadın təmsilçimiz Nazənin Teymurova gimnastika tiri və sərbəst hərəkətlərdə çıxış edib. O, sərbəst hərəkətlərdə 12.566 xalla 5-ci yerdə qərarlaşaraq finala adlayıb. İdmançımız gimnastika tirində 24-cü pillədə qərarlaşıb. Komandamızın daha bir qadın üzvü Samirə Qəhrəmanova gimnastika tirində 11.100 xalla 30-cu olub.
Xatırladaq ki, yarışın birinci günündə təmsilçimiz Nikita Simonov halqalar ilə hərəkətlərin icrasında birinci pillədə qərarlaşaraq finala vəsiqə əldə etmişdi.
Sabah keçiriləcək final günündə kişilər arasında sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadınlar arasında isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar üzrə qaliblər müəyyənləşəcək.
Həlledici mərhələdə gimnastımız Nikita Simonov halqalar ilə proqramını nümayiş etdirəcək.