"Yaşat" fondunun təşkilatçılığı, "Turanbank"ın sponsorluğu, "ASAN Könüllüləri" təşkilatı və Tovuz Rayon icra Hakimiyyətinin dəstəyi ilə Tovuzda şəhid övladları üçün "Yaşat" idman düşərgəsi təşkil olunub.
 
Matc.az xəbər verir ki, Qazax və Tovuz rayonundan olan şəhidlərimizin 6-12 yaş arasında olan övladları bu gün "Turan Tovuz" klubunun futbol akademiyasında olublar.
 
"Yaşat" fondunun baş mütəxəssisi Aqşin Balahəsənli saytımıza açıqlamasında layihə ilə bağlı bunları söyləyib:
 
"Layihənin həyata keçirilməsində əsas məqsəd uşaqlarımıza idmanı, futbolu, ümumiyyətlə sağlam həyat tərzini, fiziki sağlamlığı aşılamaqdır, onlara bu sahədə təcrübələr yaratmaqdı. Bu gün də "Turan Tovuz" futbol klubunun akademiyasına gəlmişik. Burada baş məşqçi Ayxan Abbasov, həmçinin futbolçular sağ olsunlar ki, şəhidlərimizin övadları ilə vaxt keçirdilər, onlarla birgə məşq etdilər, futbol oynadılar. Sonra "Turan Tovuz"un futbol akademiyasını gəzdik, inzibati binasında olduq. Uşaqlar bunların hamısıyla tanış oldular. Fikrimcə, bu, onlar üçün maraqlı təcrübə oldu. Onlar idmanla, futbolla bağlı öz suallarını verdilər, cavablar aldılar. 
 
Layihənin növbəti günlərində Tovuz Olimpiya Kompleksində uşaqlar üçün karate, cüdo, boks və digər idman növlərindən ibarət master klasslar təşkil olunacaq. Həmçinin Tovuz şəhərini daha yaxından tanısınlar deyə, onlar üçün ekskursiyalar da təşkil olunub. Hansı ki bu da layihə müddəti ərzində baş tutacaq. Layihənin ümumi olaraq dörd gün ərzində həyata keçirilməsi nəzərdə tutulub".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest