"Qələbə qazanaraq komandanı tərk etməyim mənim üçün xoşdur. üç xalla və qələbə ilə vidalaşmaq yaxşı əhval-ruhiyyə yaratdı". Matc.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"la yollarını ayıran albaniyalı futbolçu Ansi Aqolli deyib.

Təcrübəli müdafiəçi "Səbail"lə görüşdə meydana çıxmadığı üçün məyus olmadığını söyləyib. 32 yaşlı oyunçu bildirib ki, 317 dəfə "Qarabağ"ın forması ilə meydanda olub və bu onun üçün hər şey deməkdir: "Təbii ki, ailə amili ABŞ-ın "Nyu York Kosmos" klubuna keçməyimdə çox böyük rol oynadı. Elə bir yaşdayam ki, həyatımla bağlı düzgün qərarlar verməliyəm. Düşünürəm ki, doğru qərar almışam. Həyat davam edir. Nə zamansa başlayan, həm də nə vaxtsa bitməlidir".

Aqolli Ağdam təmsilçisinin hazırda düzgün yolda olduğunu sözlərinə əlavə edib: "Klubun düzgün yolda olduğuna inanıram. Bu il də komandanın çempion olmasını istəyirəm və arzulayıram. "Qarabağ" fərdlərdən ibarət deyil, bir sistemdir. Qurban Qurbanov komanda üçün uğur sistemini tətbiq edib. Bu, sadəcə bu günün deyil, gələcəyin uğurudur. Mənim üçün klubda ən yadda qalan anım 2014-cü ildəki çempionluğumuz olub. "Qarabağ"da insanların sevgisini qazandım".

Müdafiəçi "Qarabağ həqiqətlərini getdiyiniz yerdə təbliğ edəcəksiniz?" sualına "Əlbəttə" cavabını verib: "Bir gün "Qarabağ"ın Ağdamda oyununu görəcəyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest