28 Aprel 2023, 23:10
TOP OYUNLARI
Voleybol üzrə "Heydər Əliyev kuboku" başa çatıb. Matc.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində yarışın final qarşılaşmaları keçirilib.
İlk olaraq meydana qadın voleybolçular çıxıb. Həlledici matçda "Abşeron" və "Azərreyl" üz-üzə gəlib. Son ölkə birinciliyində də final oynamış cütün bu görüşü də maraqlı mübarizə şəraitində keçib. İlk iki hissədə daha yaxşı oyun göstərən "Abşeron" 25:23 və 26:24 hesabı ilə qalib gəlsə də, üçüncü set 25:18 hesabı ilə "Azərreyl"in xeyrinə başa çatıb. Dördüncü setdə üstünlüyü yenidən ələ alan Famil Ağayevin yetirmələri seti 25:20 hesabı ilə öz xeyrinə yekunlaşdırıb və meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. Beləliklə, "Abşeron" ölkə çempionatının finalındakı məğlubiyyətin əvəzini çıxa bilib və "Heydər Əliyev kuboku"nun qalibi olub. "Azərreyl" isə turniri ikinci yerdə başa vurub.
Yarışın son matçı, kişi voleybolçuların finalı isə "Xarı bülbül Şuşa" və "Murov" kollektivləri arasında baş tutub. Yüksək Liqanın finalında da üz-üzə gəlmiş komandaların bu görüşünə "Murov" daha yaxşı başlayıb və ilk seti 25:13 hesabı ilə öz xeyrinə yekunlaşdırıb. "Xarı bülbül Şuşa" növbəti hissələrdə ciddi müqavimət göstərsə də, Fərid Cəlalovun rəhbərlik etdiyi komanda qələbəni əldən verməyib - 25:14, 25:22. Beləliklə, "Murov" Şuşa təmsilçisini bu dəfə də məğlub edərək "Heydər Əliyev kuboku"na sahib çıxıb. "Xarı bülbül Şuşa" klubu isə yarışın ikincisi olub.
Qarşılaşmalardan sonra qaliblərin mükafatlandırma və kubokun bağlanışın mərasimi keçirilib.