29 Aprel 2023, 19:55
DİGƏR
Bakıda təşkil olunan Formula 1 üzrə Azərbaycan qran-prisində bu gün sprint yarışı keçirilib. Matc.az xəbər verir ki, 17 dövrədən ibarət sprint mübarizənin qalibi "Red Bull" pilotu Serxio Peres olub.
"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü yeri tutub.
Onlara mükafatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli təqdim edib.
"Alfa Tauri" komandasının yaponiyalı pilotu Yuki Tsunoda sprint yarışda uğursuzluqla üzləşib. Sürücünün bolidinin təkəri çıxıb. Tsunoda pit-leynə çatsa da, mübarizəni davam etdirə bilməyib.
Xatırladaq ki, sprint yarış ilk dəfə bu il Bakıda təşkil olunub.
Azərbaycan qran-prisində ikinci günün ardından "Red Bull" pilotu Maks Ferstappen turnir cədvəlində liderliyini möhkəmləndirib. Sprint yarışında üçüncü yeri tutan niderlandlı sürücü 6 xal qazanıb. Hazırda onun 75 xalı var. Sprintdə qalib olan və 8 xal əldə edən "Red Bull"un digər pilotu Serxio Peres (62 xal) ikincidir. İlk "3-lüy"ü bugünkü mübarizəni altıncı sırada başa vuran və 3 xal qazanan "Aston Martin" komandasından Fernando Alonso qapayır.
Xatırladaq ki, Azərbaycan qran-prisi aprelin 30-da başa çatacaq. Son gündə əsas yarış baş tutacaq.