26 May 2023, 18:01
DİGƏR
Albaniyada şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı, 5 mərhələli "Tour of Albania" yarışı başa çatıb.
Matc.az xəbər verir ki, mayın 26-da baş tutan sonuncu mərhələdə Permetdən start götürən velosipedçilər 122 km məsafə qət edərək Fier ərazisində finiş xəttini keçiblər.
Beşinci yarış günündə 9 ölkədən 11 komandanın heyətində ümumilikdə 55 idmançı birincilik uğrunda mübarizə aparıblar.
Yarışda iştirak edən Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandasının üzvləri yüksək nəticəyə imza atıblar. Belə ki, idmançılarımız əsl komanda əzmkarlığı göstərərək, millimizin aparıcı üzvlərindən Samir Cəbrayılova böyük dəstək olublar. Nəticədə velosipedçimiz bu mərhələdə 2 saat 42 dəqiqə 56 saniyə nəticə ikinci yerə layiq görülərək gümüş medal qazanıb. O, özünün və milli komandamızın hesabına 3 UCI reytinq xalı yazdırıb.
Digər velosipedçilərimizdən Nəcəf Bağırov (02:43:03) 7-ci, Şahin Eyvazov (02:43:03) 29-cu, Kamran Mirzəxanov (02:43:03 ) 33-cü, Musa Mikayılzadə (02:43:03 ) isə 35-ci yerlə kifayətləniblər.
Mərhələnin qalibi 2 saat 42 dəqiqə 55 saniyə nəticə ilə Yunanıstan milli komandasının üzvü Polychronis Tzortzakis olub.
ümumi təsnifatda isə M.Mikayılzadə (12:32:45, 15 UCI xalı) 5-ci, S.Cəbrayılov (12:33:46, 5 UCI xalı) 7-ci, Ş.Eyvazov (12:39:35) 29-cu, K.Mirzəxanov (12:40:01) 31-ci, N.Bağırov (12:52:56 ) 44-ci, Azərbaycan millisi (37:53:14) isə 6-cı yerdə qərarlaşıblar.
S.Cəbrayılov yarışın ən yaxşı dağ velosipedçilərinin siyahısında 2-ci, ən yaxşı sprinterlərinin siyahısında isə 3-cü nəticə göstərib.
Veloturun ən yaxşı gənc idmançılarının sırasında isə Ş.Eyvazov 10-cu, K.Mirzəxanov 11-ci, N.Bağırov 16-cı olub.
Qeyd edək ki, yarışın dördüncü mərhələsi kəskin hava şəraiti səbəbindən ləğv edilib.
Nəzərinizə çatdıraq ki, veloturun 5-ci mərhələsində Azərbaycan, Türkiyə, Albaniya, Yunanıstan, Serbiya, Rumıniya, Belçika, Makedoniya və Böyük Britaniyanı təmsil edən komandalar iştirak ediblər.