"Azərbaycanda Xorvatiyaya çox hörmət edirlər. Bunun da səbəbi Robert Prosineçkidi". Matc.az xəbər verir ki, bu sözləri Xorvatiya mətbuatına açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Qoran Paratski deyib.
 
Nikola Yurçeviçin milli komandamıza baş məşqçi təyin olunmasına münasibət bildirən xorvatiyalı futbolçu bunu yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçki ilə əlaqələndirib:
 
"O, buradakı yaxşı işi ilə bütün qapıları açdı. Hamı Prosineçki haqda müsbət fikirlər səsləndirir və deyir ki, milli komanda onun rəhbərliyi altında daha yaxşı oynayırdı. Yığmanı yenidən xorvatiyalı məşqçiyə tapşırmalarının əsas səbəblərindən biri də budu".
 
Paratski millimizin heyətində Xorvatiya üçün ən təhlükəli futbolçunun adını da açıqlayıb: "Azərbaycan millisinin heyətində ən təhlükəli futbolçu Mirabdulla Abbasovdu. Hazırkı komandam "Neftçi"nin kapitanı Ruslan Abışov təcrübəli müdafiəçi olsa da, zədə səbəbindən uzun müddətdir oynamır".
 
Bu gün keçiriləcək Azərbaycan - Xorvatiya oyununa proqnoz verən 32 yaşlı futbolçu ölkəmizdəki həyatından da danışıb: "Hesabın 2:0 xorvatların xeyirinə olacağını düşünürəm. Bakı hər şeyin olduğu gözəl şəhərdi. Buranı çox sevirəm. Amma Premyer Liqanın səviyyəsi, rəqabət Xorvatiya çempionatı ilə müqayisədə zəifdi".
 
Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest