Yarışın adı möhtəşəmdir – "Əziz Şuşa". Elə veloyürüşün keçirilmə səbəbi də diqqətçəkəndir – ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Amma və lakin yarışın təşkilatçılığı o qədər bərbaddır ki, veloyürüşdən yazarkən bu iki önəmli məqamı gizlətmək istəyirsən.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (AGİN) ilə Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilən ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa" beynəlxalq velosiped yarışı davam edir. Artıq iki mərhələ başa çatıb, problemlərin sayı isə bitmir. Yəqin idmançılar Şuşaya çatana kimi daha böyük olaylar yaşanacaq. İşğaldan azad olunan torpaqlarımızda da eyni hal müşahidə olunsa, daha ciddi problemlər ortaya çıxa bilər.
Velotura Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyə, Niderland, Qazaxıstan (iki komanda), Almaniya (iki komanda), Monqolustan, Misir, Filippin, Belçika, çin və İtaliyanı təmsil edən 16 komandanın heyətində 100-ə yaxın velosipedçi qatılıb. Elə narazılıqlar da onlardan eşidilir. Artıq bizim redaksiyaya da bəzi xəbərlər çatıb.
İdmançılara, qonaqlara, eləcə də jurnalistlərə diqqətsizlik ən pik həddədir. Təsəvvür edin, bütün gün yürüşdə, yollarda olan bu insanlar nahardan məhrum edilib. Səhər və axşam yeməyi təşkil olunur, günorta vaxtı isə hamı unudulur, yüngülqəlyanaltı ilə baş aldadılır. İmkan tapanlar öz hesabına ehtiyaclarını ödəyir, tapmayanlar axşam yeməyinə kimi səbir etməyə məcbur olur.
Dünən Qəbələdə otellərdə yer tapılmayıb, təşkilatçılar iştirakçıları koteclərə doldurub, hər kotecə 6-7 nəfər sığışdırılıb. Mətbuat nümayəndələrinin işləməsi üçün də şərait yaradılmayıb. öncədən təşkilati işlər qaydasına qoyulmadığından, jurnalistlər mənzil başına çatmaq üçün onlara yer axtarılır, xəbərlərin operativ çatdırılması ləngiyir. Halbuki bütün günlərin proqramı öncədən məlumdur.
Daha bir məsələ uşaqların dərsdən yayındırılmasıdır. Hər yarışda start və finiş xətlərinə məktəblilər cəlb olunur, onların dərsə davamiyyəti nəzərə alınmır, üstəlik, hava şəraitindən asılı olmayaraq, saatlarla gözlədilirlər.
Bərbad təşkilatçılıq yarışın nəticələrinə də təsir edir. İlk mərhələdə belə bir biabırçılıq yaşanıb. Təsəvvür edin, idmançılar Şamaxıda finişə çatandan bir saat sonra qaliblər müəyyənləşdirilib. Və bunu hakimlərin, müvafiq texnologiyaların köməyi ilə yox, iştirakçıların özündən soruşaraq ediblər.
Azərbaycan Velosiped Federasiyasının mətbuat katibi də işinin öhdəsindən gələ bilmir. Sıradan bir şəxsi bu posta təyin edənlər onun idman sahəsindən məlumatsız olmasını nəzərə almayıblar. Bu şəxs hətta qonaqları təqdim etməyi də bacarmır. Mükafatlandırma mərasiminə dəvət olunan Şamaxı icra başçısı Tahir Məmmədovun Tahir İmanov kimi təqdim olunması elə həmin şəxsin özünə hörmətsizlikdir.
Mətbuat xidmətinin rəhbəri yalnız özünü rəsmi tədbirlərə çatdıra bilir, yarış haqqında müfəssəl məlumat almaq olmur. Məsələn, hər mərhələdə yarışdan çıxanlar olur, finişə çatmayan turniri tərk edir. Həmin idmançıların adını, sayını öyrənmək müşkül məsələdir. İştirakçıların əvəzinə hansısa "təsadüfi adam" son dayanacaq olan Şuşada peyda olsa, kimsə təəccüblənməsin.
Yarışın aparıcısı daha çox tamadalıqla məşğuldur. Mükafatlandırma mərasimində onun davranışı haqqında videonu təqdim edəndə özünüz də buna şahid olacaqsız.
Veloturun Qəbələ mərhələsində hətta qəza da baş verib. Həm də bu, idmançıların diqqətsizliyi üzündən reallaşmayıb. Təşkilatçılar finişdə səhlənkarlıq edib, təhlükəsizlik tədbiri görməyib və velosipedçilər fotoreportyorlarla toqquşub. Qəza yüngül zədələnməylə bitib, lakin yerli idmançılardan birinin velosipedi sıradan çıxıb.
Bütün bunlar bacarıqsızlığın nəticəsidir. önəmli səbəbdən beynəlxalq yarış təşkil edilir, amma təşkilatçılar özünü məhəllə yarışında imiş kimi aparır.
ümid edirik, AGİN məsələni araşdıracaq. Yəqin ki, büdcədən sıfırlarla bol məbləğlər xərclənir. O zaman idmançılara, qonaqlara yaradılmayan şəraitin, naharın ləğvinin səbəbləri araşdırılmalıdır. Kifayət qədər büdcə ayrılıbsa, hara xərcləndiyi müəyyənləşsin, maliyyə çatmayacaqdısa, o zaman yarışın adını və keçirilmə səbəbini korrektə etsinlər. O adlar olan yerdə belə bərbad təşkilatçılıq olmamalıdır (futbolinfo.az).