Fərid Qayıbov artıq 20 aydır gənclər və idman naziridir. Krakovdakı nəticə onu deməyə əsas verir ki, Azad Rəhimovun gedişindən sonra Azərbaycan idmanı geri addımlayır.

Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarına dünən yekun vuruldu. Turnirə 100 idmançı ilə qatılan ölkəmiz yekunda medal sıralamasında 41 ölkə arasında 24-cü yeri tutdu. İdmançılarımız Avropa Oyunlarını 3 qızıl, 2 gümüş və 6 bürünc medalla başa vurdular. Medalların sayına görə isə nəticə daha pisdi - 41 ölkə arasında 26-cı yer.
 
Bu nəticə birbaşa fiaskodu. Niyəsini bilmək üçün əvvəlki Avropa Oyunlarındakı nəticələrə diqqət yetirmək kifayət edər. 2019-cu ildə Minskdə təşkil olunan yarışda Azərbaycan 43 ölkə arasında 10-cu olmuşdu. Həmin vaxt idmançılarımız 5 qızıl, 10 gümüş, 13 bürünc medala sahib çıxmışdılar.
 
Artıq dünəndən bəziləri Krakov fiaskosuna don geydirməyə çalışsalar da, bu nəticə birbaşa hazırkı gənclər və idman naziri Fərid Qayıbov və onun komandasının uğursuzluğudu. Azad Rəhimovun xələfi ilk ciddi sınaqdan üzüağ çıxa bilmədi. Bəziləri  medal sayının azlığını güləş və cüdo yarışlarının budəfəki Avropa Oyunlarının proqramına daxil edilməməsi ilə əlaqələndirirlər. Lakin həmin insanlar digər vacib məqamı "unudurlar". Budəfəki Avropa Oyunlarında Rusiya və Belarus iştirak etmirdi. Keçən Avropa Oyunlarının qalibi məhz Rusiya olmuşdu – 44 qızıl, 24 gümüş və 41 bürünc medalla. Belarus isə 23 qızıl, 16 gümüş və 29 bürünclə sıralamada ikinci yerdə qərarlaşmışdı. 
 
Bütün bunlar onu deməyə əsas verir ki, bu iki ölkə Krakovda da iştirakçılar sırasında olsaydı, qazandığımız medalların sayı bəlkə də heç 11 olmazdı. Kim bilir, bəlkə də 41 ölkə arasında 24-cü yox, 34-cü olacaqdıq...
 
Fərid Qayıbov artıq 20 aydır gənclər və idman naziridir. Krakovdakı nəticə onu deməyə əsas verir ki, Azad Rəhimovun gedişindən sonra Azərbaycan idmanı geri addımlayır. Bu günə qədər son il yarımda böyüklər arasında keçirilən dünya çempionatlarında idmançılarımızın uğursuzluğu ikinci dərəcəli yarışlarda qazanılan medallarla "sığortalanırdı". Amma Krakovdakı nəticələr Azərbaycan idmanının real mənzərəsini ortaya qoydu.
 
Polşadakı fiasko gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunları öncəsi ciddi siqnaldı. 4 illiyin ən böyük yarışına 1 il, 23 gün vaxt qalıb. "Köhnə qitə"də 41 ölkə arasında medal əyarına görə 24-cü, sayına görə isə 26-cı yerdə qərarlaşan idmançılarımızın Fransa paytaxtındakı perspektivi heç də yaxşı görünmür. Onu da unutmayaq ki, Krakovda qazanılan üç qızıl medalın üçü də qeyri-olimpiya idman növlərində qazanılıb... (futbolxeber)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest