Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə hazırlıqlarını davam etdirən "Qəbələ" yoxlama görüşü keçirib. Matc.az saytının məlumatına görə, məşqlərini Bakıda gerçəkləşdirən "qırmızı-qaralar" "Sumqayıt"la görüşüb.
Paytaxtda baş tutan qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında reallaşıb.
Qarşılıqlı hücumlarla başlayan görüşdə erkən qol qeydə alınıb. 12-ci dəqiqədə Elvin Məmmədov hesabı açaraq "Sumqayıt"ı irəli çıxarıb. Buraxılan qoldan sonra fəallığı artıran "qırmızı-qaralar" fasiləyə qədər hesabda tarazlıq yaradıb. Asif Məmmədov bərabərlik qolunun müəllifi olub.
İkinci hissədə Rauf Əliyev və Əli Mürsəlov meydana daxil olub. Oyuna qoşulduqdan 5 dəqiqə sonra Əliyev qələbə qoluna imza atıb.
Beləliklə, "Qəbələ" yoxlama oyununda 2:1 hesablı qələbə qazanıb.
Xatırladaq ki, "Qəbələ" Topaz Premyer Liqasındakı növbəti oyununu aprelin 1-də "Sabah"a qarşı keçirəcək.
Hazırlıq oyunu
"Qəbələ" – "Sumqayıt" - 2:1
Qollar: Asif Məmmədov, 35, Rauf Əliyev, 50 - Elvin Məmmədov, 12