Milli komandamızın üzvü Qara Qarayev Litva ilə yoldaşlıq oyunundan sonra (0:0) matc.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Bu gün hər kəs sizdən qələbə gözləyirdi, niyə alınmadı?

- Azarkeşlərə və sizə öz təşəkkürümüzü bildiririk, çox sağolun ki, bizi tək qoymadınız. Biz də qələbə qazanmaq istəyirdik, amma olmadı. Oyunda biz istədiyimizi etdik, real qol imkanları bizdə oldu, amma qol vura bilmədik. Bundan sonra daha çox çalışmaq lazımdır ki, nəticə əldə edə bilək. Biz yeni yaranmış komandayıq, 10 gündür ki, bir yerdəyik. Bu müddət ərzində 2-ci görüşümüzü keçirdik. İlk görüşümüz də ən güclü millilərdən biri Xorvatiya millisinə qarşı idi. Düşünürəm ki, pis başlamamışıq, bundan sonra daha da yaxşı olacağıq.

-  Litva millisinə qalib gələ bilmədiniz, düşünmürsünüz ki, buna görə azarkeşlər sizi tənqid edəcək?

- Təbii ki, bu, bizim işimizdir. Biz nə vaxt ki, qələbə qazana bilməsək və yaxşı nəticə əldə etməsək, tənqid olunacağıq. Xorvatiyaya qarşı da bizim şanslarımızı aşağı qiymətləndirirdilər, amma 78-ci dəqiqəyə qədər 1 xal almağa yaxın idik. Hazırda bütün komandalar müdafiə olunub ən azı 1 xal qazana bilir. Bu gün də həmin matçlardan biri idi.

- Eddi ilə oynamaq sizə rahat idimi? Sanki indi əvvəlki vaxtlardan daha yaxşı çıxış edir…

- İsrafilov on vaxtlar öz klubunda da mütəmadi çıxış edir. Ona görə də, irəliləyiş göz önündədi. Nəinki Eddi ilə, digər komanda yoldaşlarımla da oynamaq mənə rahatdı. Ona görə də baş məşqçi hansı seçimi edirsə, həmin oyunçularla rahat oynaya bilirəm.

- Rəşad Sadıqov milli komandanı tərk edəndən sonra onun forma nömrəsini götürməyi düşünürdünüzmü?

- Yox, açığı o barədə düşünmürdüm. Nömrənin önəmli olduğunu fikirləşmirəm.

- Bu gün oyunun tempi aşağı idi, hər kəs Xorvatiya ilə matçdan sonra sizdən 2-3 top fərqi ilə qələbə gözləyirdi. Sanki əzmkarlıq da əvvəlki kimi deyildi. Bu nə ilə əlaqədardı?

- Mən nə desəm, bu bəhanə kimi görünəcək. Oyunun tempinin aşağı olduğunu düşünmürəm. Oyunda istədiyimiz qolu vura bilsəydik, temp tam olaraq görünəcəkdi.

- Əvvəlki, oyunlara nisbətən qapıya zərbələr də az idi…

- Qapıya yetəri qədər zərbəmiz oldu, ancaq qol vura bilmədik. Fikrimcə, bir qol vursaydıq, oyun daha sürətli ola bilərdi.

- Ən əsas böyük səhv nədir ki, onun üzərində çalışıb, qalib gəlmək mümkün olsun?

- 10 günün komandasıyıq. Biz doğruları tapıb, onun üzərində çalışıb yaxşılaşdırmağa çalışırıq.

- Hər iki matçda da əvəzləndin, bu, nə ilə bağlıdır?

- Oyunun sonlarında əvəzlənmişəm. Düşünürəm ki, bu, normaldı, baş məşqçinin oyunda sürəti artırmaq istəməsi və taktiki dəyişiklik etməsidi.

- Qrupdakı vəziyyət barəsində nə deyə bilərsiniz? Belə çətin olacağını gözləyirdiniz?

- Düzdür, çətin olacağını gözləyirdik, amma vəziyyətin belə tez çətinləşəcəyini bilmirdik. 4 komandanın 3 xalı var və bu da bizim necə çətin qrupda olduğumuza işarədir.

- Sizcə, biz Xorvatiyaya qarşı yaxşı oynadıq, yoxsa, onlar hazırda elə də yaxşı səviyyədə deyillər?

- Bunu hər kəs müxtəlif tərəfə yoza bilər. Ya biz yaxşı oynadıq, ya onlar zəif idi. Buna görə dəqiq heçnə deyə bilmərəm. Lazım olan yaxşı nəticə üçün çalışmışdıq və onu qazanmağa az qalmışdı, amma alınmadı.

- Baş məşqçi Nikola Yurçeviçlə Qurban Qurbanovun kollektivi arasında hansı fərqlər var?

- Hər iki məşqçi çox tələbkardı. Atmosfer əvvəl də, indi də yaxşıdı. Komandadakı əhval-ruhiyyə yaxşıdır. Həm də biz 10 gündür ki, bir yerdəyik, ona görə də dəyərləndirmək üçün erkən olduğunu düşünürəm.

- Yurçeviç daha çox risk edən deyil, sizcə?

- Düşünürəm ki, bu oyunların sonlarında riskə getmək zamanı idi. Qələbə qazanmaq və nəticə əldə etmək üçün risk etmək olardı. Fikrimcə bu, normal idi.

- Nikola Yurçeviç və Robert Prosineçki hər ikisi xorvatiyalı idi, aralarında hansı fərqlər var?

- Millidə çalışan əcnəbi məşqçilərin bizim oyunçulara və mentalitetə uyğunlaşması əsas məsələdir. Onların oyunçularla mübasibəti və əlaqəsi yaxşıdı. Həm Prosineçki, həm də Yurçeviç oyunçularla yaxşı mübasibət qura bilib.

- Reallığa baxanda qrupda neçə xal toplayacağınızı düşünürsünüz?

- Bu çox çətin sualdır, nə cavab verəcəyimi bilmirəm. Əlimizdən gələni edəcəyik ki, xal yığaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest