Gənclər və idman naziri Fərid Qayıbov III Avropa Oyunlarında uğursuz çıxışın səbəbini açıqlayıb. Onun qurumun rəsmi saytındakı qeydlərinə keçid alaq:

"ötən oyunlara nisbətən medallarımızın sayı az oldu. Düşünürəm ki, bunun əsas səbəblərindən biri ötən oyunlarda qazanılan medalların 75 faizinin bizim üçün ənənəvi medal gətirən idman növlərində əldə edilməsidi. Lakin bu dəfə həmin idman növləri oyunların proqramında yox idi. İndi federasiyalarla birlikdə nəticələri təhlil edib müzakirələr aparmalıyıq".

Nəzərinizə çatdırım ki, təmsilçilərimiz Polşada təşkil olunan yarışı 11 medalla (3 qızıl, 2 gümüş və 6 bürünc) 24-cü pillədə başa vurub. Əvvəlki iki analoji yarışla müqayisədə arada böyük uçurum var. Bu üzdən nazirin açıqlaması ölkə idmanının acınacaqlı durumu ilə qətiyyən uzlaşmır. Qayıbov "ənənəvi medal gətirən idman növləri" deyəndə əsasən güləşi nəzərdə tutur. Amma unudur ki, "idman ölkəsi" yalnız bir idman növünün ümidinə qalmamalı, ondan asılı olmamalıdı. Nazirin diqqətinə onu da çatdırım ki, Polşada Rusiya və Belarus milliləri də çıxış etməyib ki, bu da idmançılarımız üçün əlavə şans idi. Amma...

Görünən dağa bələdçi lazım deyil, hörmətli nazir! "İdman ölkəsi" son illərdə yüksək sürətlə üzüaşağı yuvarlanır. Bu proses Tokio Olimpiadasından başlayıb və Prezident İlham Əliyev də həmin vaxt bununla bağlı narahatlığını dilə gətirib, lazımi tədbirlər görülməsini tapşırıb. Problemlər həqiqətən başdan aşır. Güləş başda olmaqla cüdo, boks, taekvondo və digər medal qazandığımız ənənəvi növlərdə yetərincə çatışmazlıq var. Belə olmasaydı, bəzi yığmalar legionerlərlə aşıb-daşmazdı. üstəlik, onların böyük əksəriyyəti nüfuzlu yarışlara turist kimi gedib-gəlməzdi. Sıradan turnirlərdə qazandıqları uğurları təmsil etdikləri federasiyalar böyük hadisə kimi ictimaiyyətə sırımazdı. Adamlar anlamır ki, bu, özü-özünü aldatmaqdan başqa bir şey deyil. Qarşıdan isə Paris Olimpiadası gəlir. Bu haqda düşünmək, biabırçı durumdan çıxış yolları axtarmaq lazımdı. Yəqin ki, "federasiyalarla birlikdə nəticələri təhlil edib müzakirələr aparmalıyıq" deyən nazir məhz bunu nəzərdə tutur. Belədisə, xeyli xub!

Məyus olduğum digər məqam Polşaya aparılan çoxsaylı həmkarlardan bir neçəsinin nazirin bu tezisi əsasında fikirlər bölüşməsidi. Böyük əksəriyyət isə işini yarış müddətində xəbər və açıqlamalarla bitmiş sayıb. üzülsəm də, təəccüblənmədim. Gözləyirdim. çünki qarşıda hələ nə qədər belə səfərlər, pulsuz gəzintilər olacaq. Susmaq və "malalamaq" lazımdı ki, yenidən nümayəndə heyətinin tərkibində yer alasan. Görmədiyin yerlərə baş çəkəsən, fərqli pozalarda "selfi" edəsən. Halbuki problemləri üzə çıxarmaq, araşdırmaq, həlli yollarını göstərmək jurnalistin birbaşa vəzifə borcudu. Susmaq, "malalamaq" isə "ayı xidməti"di. Şəxsən mən, çalışdığım "Futbol+" 20 ildən çoxdu bayraq etdiyimiz "Vətən idmanı və idmançıları ilə ucalsın!" şüarına sadiqik. Bundan sonra da belə olacaq. Problemləri qabardıb, Azərbaycanın adını, üçrəngli bayrağını zirvələrə qaldıranları vəsf edib, həqiqəti deyəcəyik. Əsl dost kimi! Bu, bizə kənarda qalmaq hesabına başa gəlsə də...

P.S. Fərid Qayıbov 2021-ci il sentyabrın 7-də nazir postuna təyin olunub. Təbii ki, qlobal dəyişikliklər üçün böyük müddət deyil. Lakin indiyədək yetərincə fəal olub, diqqətçəkən addımlar atıb, qərarlar verib, idman ictimaiyyətinin və jurnalistlərin rəğbətini qazanıb. Bir sözlə, hörmət olunan, hətta sevilən dövlət adamıdı. Amma bütün bunlar ölkə idmanına cavabdeh bir şəxsin acı reallığı görməzdən gəlməsinə əsas vermir. Problemləri ilk növbədə məhz nazir özü qabartmalı, ağa "ağ", qaraya "qara" deməli və məsul şəxslərdən hesabat tələb etməlidi.

P.P.S. 10 ildi Azərbaycan futbolunun yükünü təkbaşına "Qarabağ" daşıyır. Pis alınmasa da, gözləntiləri tam qarşılaya bilmir. Belə görünür, başqa idman növlərinin yükünü daşımaq vəzifəsi güləşə verilir. Qətiyyən alınmaz!

Kənan HƏSƏNOV
Futbol+

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest