"Milli komandanın futbolçularına yalnız uğurlu nəticələr - heç-heçə və ya qələbə zamanı mükafat verilir. AFFA oyunçulara başqa hər hansı məvacib ödəmir". Bu sözləri matc.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

Mətbuatda yayılan məlumata görə, AFFA AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və yoldaşlıq görüşündə Litva ilə oyun üçün yığmanın futbolçularına 5 min manat mükafat verib. Konkret olaraq, 2 min Xorvatiya, 3 min manatın isə Litva ilə oyun üçün nəzərdə tutulduğu bildirilib.

Lakin assosiasiya rəsmisi bunu təkzib edib. O, millimizə məğlub olduğu matçlar zamanı mükafat verilmədiyini söyləyib: "Litva ilə oyundan sonra, həqiqətən də, futbolçulara mükafat deyilib. Ancaq təkcə Litva ilə matçdakı nəticəyə şamil edilib. Bu, sistemli məsələdi. Milli komandanın heç-heçə və ya qələbə ilə başa çatan oyunlarından sonra futbolçulara mükafat verilir. Burda qeyri-adi heç nə yoxdu. Xorvatiyaya məğlubiyyətə görə isə heç kimə mükafat verilməyib".

Qeyd edək ki, Zaqrebdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olan yığmamız Bakıda Litva ilə qolsuz bərabərə qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest