17 Avqust 2023, 09:17
DİGƏR
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda Nicat Abasov yarımfinala vəsiqə qazanıb. Matc.az xəbər verir ki, qrossmeyster 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoş üzərində qələbədən danışıb.
"Xüsusi hazırlıq olmayıb. Oyun vaxtı konsentrasiyanı saxlamağa çalışırdım. Rəqib müəyyən səhvlər etdi. Bu vəziyyət təşəbbüsü ələ almağıma şərait yaratdı. Nəticədə qalib gələrək mübarizəni davam etdirmək imkanı qazandım. Əlbəttə, turnirdən öncə bu qədər irəliləyəcəyimi gözləmirdim. Amma insanların dəstəyi, şahmat həvəskarlarının göstərdiyi diqqət mənə əlavə güc verir. Hamıya təşəkkür edirəm. Azərbaycan xalqının dəstəyini hiss edirəm. Möhtəşəm duyğudur. Bu dəstək mənə stimul verir.
Yorulanda çıxışımla bağlı yazılan dəstək sözlərini oxuyuram, bir qədər dincəlmiş oluram".
Abbasov yarımfinal barədə də fikirlərini bölüşüb: "Maqnus Karlsenlə klassik şahmat oynamamışam. Yoldaşlıq oyunları olub. Yəni rəsmi turnirlərdə klassik partiyada mübarizə aparmamışıq. Əlimdən gələni etməyə çalışacam. ümid edirəm ki, yaxşı olacaq".
Qeyd edək ki, Dünya Kubokunda yarımfinal oyunları avqustun 19-da başlayacaq. Nicat Abasovun rəqibi dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç) olacaq.