Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün sərbəst güləş üzrə daha 5 çəkidə güləşçilər mübarizəyə qoşulub.

İkinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayıb.

 

61 kq

Əsgər Məmmədəliyev təsnifat mərhələsindəcə Nikolay Oxlopkova (Rumıniya) yenilib - 0:6.

74 kq

Hacımurad Hacıyev 1/8 finalda moldovalı Georgi Paskalovu asanlıqla məğlub edib (10:1). 1/4 finalda Maksim Vasilioqlo (Rumıniya) da döşəyə çıxmağına peşman olub. Rəqibinə 11:0 hesabı ilə qalib gələn idmançımız yarımfinalda italiyalı Frank Markes çamizoya rəqib olub. İtaliyalı güləşçiyə yenilən Hacıyev sabah bürünc medal uğurunda güləşəcək.

86 kq

Murad Süleymanov təsnifat mərhələsində Riçard Ferents Liqetini (Macarıstan) 5:0 hesabı ilə məğlub edib. Onun 1/8 finaldakı qurbanı almaniyalı Ahmed Dudarov olub - 10:1. Pəhləvanımız 1/4 finalda Taymuraz Naskidaeva (İspaniya) səddini də keçib (7:2). Yarımfinala adlayan Muradın final yolundakı son maneəsi Vladislav Valiev (Rusiya) olub. Süleymanov rəqibi ilə bacarmayıb və mübarizəsini üçüncülük uğrunda davam etdirəcək.

92 kq

Şərif Şərifov yarışa 1/4 finaldan qoşulub. Olimpiya çempionu Rusiya təmsilçisi Məhəmməd Qurbanovu 6:2 hesabı ilə üstələyərək, yarımfinala adlayıb. İdmançımız final yolunda İrakli Mtsituini (Gürcüstan) də yolundan kənarlaşdırıb və həlledici görüşdə iştirak etməyə haqq qazanıb.

125 kq

Seyid Məhəmmədrza Azərşakib təsnifat mərhələsində kosovolu Eqzon Şalaya uduzaraq (9:13), mübarizəni dayandırıb.

 

Həmçinin dünən yarışlar keçirilən çəkilərdə bu gün həlledici görüşlər olub. İki güləşçimiz qızıl, bir pəhləvanımız "gümüş", iki idmançımız isə "bürünc" qazanaraq, Avropa çempionatına möhtəşəm start veriblər.

57 kq

1/4 finalda uduzan Mahir Əmiraslanov təsəlliverici görüşdə Zuheyir Əl Oraj (Fransa) ilə münasibətlərinə aydınlıq gətirib. İdmançımız qələbə qazanaraq bürünc medal uğurunda yarışa çıxıb. Mahir bu mərhələdə bolqarıstanlı Georgi Vangelova qalib gələrək turniri bürünc medalla başa vurub.

65 kq

Buna qədər postsevet ölkələrinin 4 nümayəndəsini məğlub edən Hacı Əliyev finalda türkiyəli Selahattin Kılıçsallayanla çempionluq uğrunda görüşüb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Əliyev 3-cü dəfə qitənin ən yaxşısı adına yiyələnib.

70 kq

Finala qədərki 3 rəqibi önündə ciddi çətinlik yaşamayan Ağahüseyn Mustafayev də həlledici görüşdə türkiyəli ilə qarşılaşıb. Onun rəqibi Mustafa Kaya olub. Ağahüseyn rəqibinə yenilərək "gümüş"lə kifayətlənməli olub. 

79 kq

Cəbrayıl Həsənov finalda Əhməd Qazıməhəmmədovla qarşılaşmalı idi. Lakin rusiyalı güləşçi zədəli olduğu üçün gümüş medalla kifayətlənib. Belədə Həsənov 3-cü dəfə Avropa çempionu olub.

97 kq

Dünən ilk görüşündəcə məğlub olan Nurməhəmməd Hacıyev təsəlliverici görüşdə Almaniya idmançısı Gennadi Kudinoviçi üstələyib - 10:0. "Bürünc" uğrunda yarışda isə makedoniyalı Məhəmmədhacı Nurovdan üstün olan Hacıyev qitə birinciliyini üçüncü pillədə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest