"Əvvəlki oyunla müqayisədə bu dəfə meydana fərqli taktik ilə çıxmışdıq. Müdafiədən oynayıb, rəqibi əks-hücumda yaxalamalı idik. Ancaq oyunun gedişində baş məşqçi fikrini dəyişdi və pressinq tətbiq etməyimizi istədi". Matc.az saytının məlumatına görə, bu sözləri futzal üzrə milli komandamızın qapıçısı Rövşən Hüseynli deyib.

Latviya ilə yoldaşlıq oyunundan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verən oyunçu fikirlərini bölüşüb: "Oyuna aşağı templə başladıq. Uzaq yol qət etməyimiz, dünən oynamağımız, uzun müddət birgə matç etməməyimiz, hər iki oyunu fərqli zallarda keçirməyimiz oyunun axarına təsir edən amillərdəndir. Meydana ancaq ikinci hissədə uyğunlaşa bildik. Rəqib isə müdafiədə bu gün daha yaxşı oynadı, çox istəkli idilər. Bu da meydan sahibi olmaqlarından irəli gəlir".

Təcrübəli qapıçı səhvlərin olduğunu da vurğulayıb: "Hər iki oyunda səhvlərimizi gördük. Dünya çempionatının oyunlarına qədər vaxtımız var. çox çalışmalıyıq ki, səhvlərimizi düzəldək, oyunlara yaxşı hazırlaşaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest