"Gözlənilən qələbə idi. Hamımız bunu bilirdik. Hesaba baxmayaraq, ağır oyun idi. Rəqib təzyiq göstərirdi. Amma erkən qol vurmağımız sonradan yolumuzu açdı. çempionatın sonuna az vaxt qalıb, bütün görüşlər bizim üçün həyati əhəmiyyət daşıyır. Ona görə də hər qarşılaşmaya 3 xal hədəfi ilə çıxırıq". Matc.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Miçel Madeyra deyib.
Topaz Premyer Liqasının XXV turunda "Keşlə" ilə qarşılaşan ağdamlılar 3:0 hesablı qələbə qazanıblar.
Oyundan sonra jurnalistlərin suallarını cavablandıran oyunçu fikirlərini bölüşüb: "Bizim nəticələrimizin "Neftçi"nin xal itkisi ilə bir əlaqəsi yoxdu. Onsuz da komandamız son həftələr inamlı oynayırdı. Qarşıda 3 tur var və biz növbəti "Zirə" ilə matça köklənməliyik. Orda da bizi çətin oyun gözləyir, eyni zamanda kubok matçları da var".
Miçel çempionluğun son tura qalması ilə bağlı sualın cavabında bu haqda danışmağı sevmədiyini bildirib: "çünki bizim fikrimiz hər turdan sonra ancaq növbəti oyunda olur. Hər şey ola bilər, bir az üstünlüyümüz olsa da, çalışırıq ki, işimizi sona saxlamayaq".
İspaniyalı yarımmüdafiəçi "Neftçi"yə keçmək ehtimalı ilə bağlı suala isə belə cavab verib: "Hələ mövsümün başa çatmasına vaxt var və bizim klub rəhbərliyi ilə yeni müqavilə bağlı danışığımız olmayıb. "Neftçi" məsələsi isə real deyil. Gözləyək mövsüm başa çatsın, ondan sonra hər şey bəlli olacaq".