Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann bu gün İsveçrə ilə AVRO-2024-ün qrup mərhələsinin 3-cü turunun oyununu qəbul edəcək Frankfurtdakı “Deutsche Bank Park” stadionunun ot örtüyünün keyfiyyətindən narazı qalıb.
Matc.az xəbər verir ki, Nagelsmann futbolçularının zədələnə biləcəyindən narahat olduğunu ifadə edib.
“Məni daha çox futbol oynamaq deyil, futbolçuların zədə almaq riskinin yüksək olması narahat edir.
Qısa boylu oyunçular üçün o qədər də problem deyil, amma hündür oyunçularda bu, qışda yay təkərləri ilə sürmək kimidir. Bu qəzaya səbəb ola bilər. İstəmirəm ki, kimsə zədə ilə altı ayı buraxsın.
Bu qazon çox sürüşkən və yumşaqdır”.
Xatırladaq ki, İsveçrə - Almaniya matçı saat 23:00-da başlayacaq. Görüşün baş hakimi qismində italiyalı Daniele Orsato çıxış edəcək.